AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
 

"Türkologiya" jurnalına Türkiyədən baxış
"JURNALIN BÖYÜK YARADICILIQ UĞURLARI QAZANACAĞINA İNANIRIQ"

Türkiyənin (Qazi Universiteti) tanınmış elm adamları Mehman Musaoğlu-Musayev, Fatih Kirişçioğlu, İbrahim Dilek, Tümen Somuncuoğlu "Türkologiya" jurnalı haqqında məqalə yazıblar. Məqaləni oxucuların diqqətinə çatdırırıq.
Türklük fenomeni türk mənşəli Anadolu-Rumeli, Azərbaycan, türkmən, qazax, qırğız, özbək, qaraqalpaq, uyğur, tatar, başqırd, çuvaş, yakut, tuva, karaim, qaqauz, qaraçay-balkar, qumuq, noqay, altay, salar, xakas milli-mədəni kimliklərinə görə bilinir. Bu kimliklər sözün dar mənasında etnik mənsubiyyət, geniş mənasında isə ümumi bir dil-mədəniyyət müəyyənliyi zəminində öyrənilir. Ümumtürk mədəniyyəti qavramının (konseptinin) məzmununu isə türk xalqlarının ənənəvi və yeni dinləri, inancları, həyat tərzləri və davranış şəkilləri, ədəbiyyat və musiqi növləri və s. təşkil edir.

Sözügedən fenomen və ona bağlı olaraq türk mədəniyyəti qavramı ədəbi dillər və dialektlərdən ibarət olan ümumtürk dili ilə dərk olunur. Türkdilli xalqların Avrasiyada və dünyanın digər bölgələrindəki miqrasiya xarakterli nüfuz yerləşimləri, müstəqil və muxtar respublikaları milli-mədəni muxtariyyat və vilayət səciyyəli avtonom təşəkkülləri "Türklük fenomeni" qavrayışının coğrafi-demoqrafik və milli-siyasi göstəriciləri kimi səciyyələndirilir. Bütün bunları coğrafi-demoqrafik parametrləriylə ehtiva edən Türk dünyası təşəkkülünün mədəni-intellektual gücü, eyni zamanda, etnoqrafik, folklorik, multikultural və digər milli-mənəvi dəyərləriylə inkişafı, qloballaşan dünyamızda danılmaz bir gerçəkliyə çevrilir. Keçən əsrin 90-cı illərindən etibarən Türk dünyasında müxtəlif məzmunlu zirvələr, qurultaylar, konfranslar, elmi-kütləvi tədbirlər keçirilir. Bütün bunlar sözügedən inkişafın artıq ortaq bir dayanışma və "kültürəl birlikdəlik" xarakteri qazanmasından xəbər verir. XXI yüzildə "dünya qazaxları, qırğızları, türkmənləri, özbəkləri, azərbaycanlıları" və s. qurultaylarının keçirilməsi həm türk respublikalarının, həm də yuxarıda göstərilən milli-mədəni kimliklərin hər birinin müstəqil olaraq bütünləşməsinin qalıcı xarakter daşıdığını göstərir.
Beləliklə, 2001-ci ildən bəri Azərbaycanda dördü keçirilən Dünya Azərbaycanlıları qurultaylarında əvvəlcə Ümummilli lider Heydər əliyevin, sonra isə möhtərəm cənab Prezident İlham Əliyevin konseptual çıxışları Türk dünyasında çox böyük əks-səda doğurmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi müxtəlif sosial-mədəni fəaliyyətlər isə Azərbaycanın bütün dünyada tanınmasında önəmli rol oynamışdır. İndi Azərbaycanda olimpiya oyunlarına, elm və incəsənət məsələlərinə dair keçirilən müxtəlif tədbirlər, sivil toplum quruluşlarının dünyada apardığı güclü diaspora fəaliyyətləri, paytaxt Bakı şəhərinin tanınmaz dərəcədə dəyişməsi, Azərbaycan dili və dilçiliyi ilə bağlı görülən işlər ulu öndər Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq milli ideologiyasının nə qədər doğru olduğunu bir daha təsdiq edir.
Bu gün türk ədəbi dillərində yayımlanan çoxsaylı akademik türkoloji jurnalların üzərinə qloballaşan dünyanın konseptual-sosial kontekstində çox böyük iş düşür. Belə ki, indi artıq bütövlükdə ümumtürk mədəniyyəti və ayrılıqda türk xalqlarının dili, ədəbiyyatı, folkloru, etnoqrafiyası və s. haqqında aparılan elmi araşdırmaların konseptual-koqnitiv səciyyəli istiqamətlər və metodların tətbiq olunması ilə yerinə yetirilməsi zərurəti doğmuşdur. 2016-cı ildən akademik Kamal Abdullayevin redaktorluğu və ön sözü ilə yayım həyatını tamamilə yeni bir fəaliyyət proqramı ilə davam etdirən "Türkologiya" jurnalı məhz bu baxımdan diqqəti cəlb edir.
"Türkologiya" jurnalı SSRİ EA və Azərbaycan SSR EA-nın müştərək elmi-nəzəri nəşr orqanı kimi 1970-ci ilin aprel ayından 1992-ci il yanvarın 16-na qədər Nəsimi adına Dilçilik İnstitutunda "Sovetskaya Tyurkoloqiya" adı ilə rus dilində yayımlanmış jurnalın varisidir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 16 yanvar 1992-ci il tarixli iclasının qərarı ilə jurnal 1992-ci ildən etibarən "Türkologiya" adı ilə, əsasən, Azərbaycan, türk, rus və ingilis dillərində ildə 4 sayı olmaqla yayımlanmışdır. 1990-cı illərdə jurnalın yayım həyatında çox böyük ciddi maliyyə çətinlikləri yaranmış, bəzən jurnalın ildə sadəcə bir-iki sayı işıq üzü görmüş, bəzi illərdə isə heç yayımlanmamışdır. Ancaq 1999-cu ildə jurnalın dövlət vəsaiti ilə maliyyələşdirilməsi qərara alınmışdır. 1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987-1992-ci illərdə Edhem Tenişev, 1992-2014-ci illərdə akademik Ağamusa Axundov, 2014-2016-cı illərdə akademik Tofiq Hacıyev "Türkologiya" jurnalının baş redaktorları olmuşlar. Beləliklə, jurnalın həyatında indiyə qədər iki tarixi dövr yaşanmışdır. İndi isə artıq üçüncü tarixi dönəmə qədəm qoyulmuşdur.
Qeyd olunmalıdır ki, jurnalın yayım həyatının birinci dövründə ən çox türk xalqlarının dilinə, dil əlaqələrinə, qismən də yazılı ədəbiyyatına və folkloruna dair xarakterik tədqiqatların çap olunması çox böyük siyasi, elmi və mədəni əhəmiyyətə malik olmuşdur. Jurnalda SSRİ-nin Moskva, Leninqrad, Bakı, Tiflis, Daşkənd, Alma-Ata, Aşqabad, Frunze kimi şəhərlərinin və Polşa, Macarıstan, ADR, AFR, Bolqarıstan, Çexoslovakiya, Rumıniya, ABŞ, İtaliya, Yaponiya və s. ölkələrin görkəmli şərqşünas-türkoloqlarının məqalələri çap olunmuşdur. "Sovetskaya tyurkoloqiya" jurnalının vaxtaşırı olaraq Yusif Balasaquninin "Kutatqu bilik" və Mahmud Kaşqarinin "Divani-lüğət-it türk" kimi özəl sayları da yayımlanmışdır. O zaman jurnalda çap edilmiş materiallar ən çox aşağıdakı rubrikalarda verilmişdir: "Dil əlaqələri", "Ədəbiyyatşünaslıq və folklor məsələləri", "Onomastika", "Müzakirələr və diskussiyalar", "Türkologiyanın tarixi", "Məlumat və icmallar", "Rəylər", "Elmi həyat", "Personaliya" və "Xronika". Jurnalın göstərilən rubrikalarında çap olunmuş məqalələr və müxtəlif materiallar türkologiya, eləcə də bütövlükdə filologiya elminin ən müxtəlif problemlərinə həsr olunmuşdur. Jurnalın ildə mütəmadi olaraq 6 sayı yayımlanmış və müəlliflərə qonorar verilmişdir. 1992-ci ildən sonra isə jurnal, əsasən, bir neçə dildə və ildə 2-4 sayı olmaqla, yayımlanmışdır. Jurnalın redaksiya heyətində müəyyən dəyişikliklər edilmiş, məqalələr isə ən çox "Türkologiya" rubrikası altında verilmişdir. Bununla bərabər, jurnalın öncəki elmi-metodoloji ənənəsi və strukturu, əsas yayım prinsipləri və texniki-tipoqrafik üslubu, əsasən, mühafizə edilib saxlanılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2015-ci ildə aldığı qərara görə, AMEA-nın Rəyasət Heyəti "Türkologiya" jurnalının təsisçisi kimi müəyyənləşdirilmişdir. Jurnalın dilçilik elmi ilə bərabər, digər ictimai elmlər bölmələrinin əhatə etdiyi sahələr üzrə də nəşr edilməsi məqsədəuyğun hesab olunmuş və akademik Kamal Abdullayev "Türkologiya" jurnalının baş redaktoru təyin edilmişdir. Sözügedən jurnalın redaksiya heyətinin yeni tərkibi də həmin qərara əsasən yenidən təsdiq edilmişdir.
"Türkologiya" jurnalının yeni yayım həyatı 2016-cı ilin birinci sayı ilə başlamışdır. Jurnalın ikinci, üçüncü və dördüncü sayları da artıq işıq üzü görmüşdür. İndi jurnalın hər sayı "Türkoloji elmi-mədəni hərəkat"da yeni bir hadisə kimi qarşılanır. Jurnalın "Türkoloji irs", "Dilçilik", "Ədəbiyyat və folklor", "Mədəniyyət və incəsənət", "Fəlsəfə və tarix", "Mifologiya", "Yazılı abidələr", "Türkoloji mərkəzlər" və "Konfranslar, dəyirmi masalar" kimi dinamik rubrikaları özlüyündə çox şey ifadə edir. Belə bir təsnifat, sözün geniş mənasında, slavyanşünaslıq, germanşünaslıq və romanşünaslıq kimi türk xalqlarının da dili, ədəbiyyatı, folkloru, tarixi, maddi və mənəvi mədəniyyətini bütün konseptual parametrləri ilə ehtiva edə bilən bir türkologiya elminin təşəkkülünü indidən müjdələyir.
"Türkologiya" jurnalının nəzdində yaradılan seminar onun fəaliyyət proqramında yer tutan ən önəmli tədbirlərdən biridir. Artıq indiyə qədər türkoloji seminarın iki toplantısı keçirilib. Seminarın ilk toplantısı Birinci Türkoloji Qurultayın 90 illik yubiley tədbirləri çərçivəsində Azərbaycanda səfərdə olan dünyanın nüfuzlu türkoloq alimlərinin iştirakı ilə baş tutub. Toplantıda Azərbaycanın müxtəlif universitetlərindən tələbələr, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak edib. İlk toplantıda biz də Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə Bakıda keçirilən "Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar" mövzusundakı beynəlxalq konfransın Türkiyədən gələn nümayəndələri kimi iştirak etdik.
Birinci toplantıda akademik Kamal Abdullayev jurnalın qarşısında duran əsas vəzifələrdən bəhs edərək, sözügedən seminarın hər ay keçiriləcəyini və onun vasitəsilə elm və təhsil arasında əlaqə qurulmasının hədəfləndiyini qeyd etdi. O, seminarın əsas məqsədinin isə türkologiya elminin nailiyyət və problemlərinin görkəmli türkoloqlarla birgə müzakirə etmək və gənc türkoloqları da bu elmin gəlişmələri və canlı əfsanələri ilə tanış etmək olduğunu vurğuladı. Türkiyəli görkəmli türkoloq Əhməd Bican Ərcilasun ilk dəfə olaraq bir dərginin seminar təşkil etdiyini söylədi. O, belə bir kütləvi xarakterli elmi-publisistik fəaliyyətin dərginin ətrafında bir mədəniyyət çevrəsi yaradacağını ifadə etdi. 15 dekabr 2016-cı ildə isə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Türkologiya" jurnalının ikinci seminarı keçirildi. Seminarda professor Elbrus Əzizovun moderatorluğu ilə professor Əhməd Bican Ərcilasunun "Başlanğıcdan iyirminci əsrə-türk dili tarixi" adlı kitabı müzakirə olundu. Müzakirədə alim sözügedən kitabın "Türk dilinin dünya dilləri arasındakı yeri", "Altay dilləri nəzəriyyəsi", "Böyük dil ailələri nəzəriyyəsi", "Nostratik nəzəriyyə" və "Avrasyatik nəzəriyyə" bölmələrindən geniş bəhs etdi və əsərin bu gün bütövlükdə türkologiya elmi üçün çox böyük maraq doğuran xüsuslarına aydınlıq gətirdi.
1970-ci ildən "Sovetskaya Tyurkoloqiya", 1992-ci ildən etibarən isə "Türkologiya" adı ilə nəşr olunan dərginin yayım həyatında, yuxarıda da göstərildiyi kimi, 2016-cı ildən etibarən üçüncü bir akademik dönəm başlamışdır. Əlbəttə, akademik Kamal Abdullayevin "Türkologiya" jurnalının baş redaktoru olması, yeni redaksiya heyəti, eyni zamanda, beynəlxalq məsləhətçilər qrupları üzvlərinin öz sahələrində çox yaxşı tanınmış ən görkəmli aparıcı alimlər arasından seçilməsi, konseptual səciyyəli üst başlıqlar və ya rubrikalarla jurnalın bölmələrinin yenidən müəyyənləşdirilməsi və elə ilk saylarda yayımlanan məqalələr də sözügedən akademik dönəmin gələcək möhtəşəm ayaq səslərindən xəbər verir.
"Türkologiya" jurnalının yayımlanan saylarında bütövlükdə maddi və mənəvi mədəniyyətimizə, tarixi və mifoloji dünyagörüşümüzün müqayisəli olaraq retrospektiv və prospektiv aspektlərdə öyrənilməsi və dəyərləndirilməsinə həsr olunmuş məqalələr əksəriyyət təşkil edir. Bu baxımdan jurnalın səhifələrində dilin quruluşu və tarixinə, yazılı abidələrə, türkoloji irsə və araşdırmalara, fəlsəfə və tarixə, mifologiyaya və Birinci Türkoloji Qurultaya dair yazılan məqalələr diqqəti daha çox cəlb edir. Həmin məqalələrdən yayımlanan sayların sırası ilə örnək olaraq aşağıdakıların adını çəkmək olar: 1) Muradgeldi Soyeqov (Türkmənistan). "XIII-XV əsrlər Misirin qıpçaq dialektləri ilə müasir türkmən dilinin münasibətləri haqqında", Aygül Baytuova, Qulimjan Jıkıbay (Qazaxıstan). "Orxon-Yenisey və talas abidələrinin dilində "İlahi Tanrı" ideyası", A.Nesterov (Rusiya). "Şato türkləri və X əsrin ilk otuz ilində Çində sonuncu Tan türk imperiyası", M.Nağısoylu (Azərbaycan). XVI əsr Azərbaycan yazılı abidəsi "Şühədanamə"nin tərcüməsinin arxaik leksikası haqqında", Ramiz Əsgər (Azərbaycan). "Şərqdə Bakı şəfəqi"; 2) A.N.Kononov (Rusiya). "V.V.Radlov və milli türkologiya", N.Araslı (Azərbaycan). "Orta əsrlər türk şeirində Nizamidən iqtibaslar", Q.Kumanqaliyeva (Qazaxıstan). "Əl-Fərabi fəlsəfi mədəniyyət dialoqunun fenomeni kimi", O.Rüstəmov (Türkiyə). "XVII-XVIII əsrlərə aid şəriət məhkəmələrinin məhkəmə reyestrinin materiallarında Krım xanlığı əhalisinin zümrə titullarının rütbələrinin eyniləşdirilməsində linqvistik elementlər", B.Xəlilov (Azərbaycan). "Birinci Türkoloji Qurultayın iştirakçıları: qırğız türkoloqu Qasım Tınıstanov", Osman Fikri Sərtqaya (Türkiyə). "Kitabi-Dədə Qorqud"un Vatikan nüsxəsində latınca, ərəbcə, farsca, türkcə mətndənkənar qeydlər", Əhməd Bican Ərcilasun (Türkiyə). "Sibir və Qafqazda türkoloji araşdırmalar"; 3) Georg Xazai (Macarıstan). "Türk dilinin tarixi qrammatikasının hazırlanmasında yeni metodlar", Mehman Musayev (Türkiyə), Fatih Kirişçioğlu (Türkiyə). "Göytürk mətninin konseptual, semiotik və sintaktik quruluşunun müqayisəli təhlili təcrübəsindən", İ.Həbibbəyli (Azərbaycan). "Türk dünyasında inteqrasiya prosesləri: ədəbi-tarixi reallıqlar və müasir dövr", E.Əzizov (Azərbaycan). "Birinci Türkoloji qurultayda türk dillərinin tarixi və inkişafı məsələləri"; 4) Həsən bəy Zərdabi (Azərbaycan). "Rusiyada əvvəlimci türk qəzetəsi", Y.Pilipçuk (Ukrayna). "Mərkəzi Asiyanın türk tayfaları və Qaraxanlılar Xaqanlığı", N.Maksudova (Azərbaycan). "Dini yazılar atalar sözü və aforizmlərin mənbəyidir", A.Abbasov (Azərbaycan). "Yazılı abidələrin leksikoqrafiyasının əsasları ("Kitabi-Dədə Qorqud" dastanı əsasında)", Behruz Behbabayi (İran) "İranda Türkoloji: İmkanları, Sorunları, Sorumlulukları ve Geleceği" və s.
"Türkologiya" jurnalının yayımlanan saylarında ədəbi dildə söz yaradıcılığı və alınmalar prosesi, milli dil korpusu və tərcümə, dil əlaqələri, linqvistik oxşarlıqlar və türkcənin tədrisi ilə bərabər, təsviri sənətimiz, etnik-etnoqrafik dəyərlərimiz və simvollarımız, ciddilik və komizmin foklorik təhkiyədə konseptual-funksional paralellikləri kimi məsələlər də işıqlandırılmışdır. Sözügedən məsələlərin prospektiv, perspektiv və interospektiv aspektlərdə bir-biri ilə bağlı öyrənilməsi və dəyərləndirilməsinə əsasən, yazılan məqalələrdən örnək olaraq yayımlanan sayların sırası ilə aşağıdakıların adını çəkmək mümkündür: 1) Şükrü Haluk Akalın (Türkiyə). "XXI əsr türkcəsində yeni leksik vahidlər (neologizmlər) və yeni sözlər", Ağaverdi Xəlil (Azərbaycan). "Novruz bayramı türk xalqlarının gözü ilə", Aydın Ələkbər (Azərbaycan). "A.S.Puşkinin "Xatırlama" (1828) şeirinin linqvistik şərhi və Azərbaycan dilinə tərcüməsi haqqında", Seyfəddin Altaylı (Türkiyə). ""Kitabi-Dədə Qorqud"dakı at rənglərinin türk dövlət gələnəyi və yönləri ilə bağlılığı", Muxtar Kazımoğlu-İmanov (Azərbaycan). "Kitabi-Dədə Qorqud" eposunda gülüşün magik funksiyası"; 2) Elizabetta Raqaqnin (Almaniya). "Azərbaycan dilində monqol alınma sözləri: areal baxış"; 3) N.Seydamaetova (Ukrayna), "Krım türkcəsi və türk dillərinin müqayisəli cəhətdən öyrənilməsi problemləri", T.İbrahimov (Azərbaycan). "Çələbi" xalçası, onun mənşəyi və simvolikası", R.Zemaletdinov (Rusiya), A.Yusupova (Rusiya). "Kazan Federal Universitetində tatar dili"; 4) M.Mahmudov, Ə.Fətullayev və b. (Azərbaycan) "NLP sistemləri və milli korpusun yaradılmasının nəzəri və tətbiqi məsələləri", Kamila Barbara Stanek (Polşa). "Türk, Azərbaycan və polyak dillərindən seçilmiş atalar sözlərində "söz" anlayışının qavranılmasında linqvistik oxşarlıqlar", Ə.Salamzadə (Azərbaycan). "Türk təsviri sənətində Dədə Qorqud surəti", Güllü Qərənfil (Moldova). "Qaqauzların ənənəvi mədəniyyətinin aktuallaşdırılması özü-nü qoruyub saxlamağın yeganə yolu kimi" və s.
Akademik Kamal Abdullayevin "Türkologiya" jurnalının 2016-cı il birinci sayında yayımlanmış "Baş redaktordan" adlı yazısında bundan sonra jurnalın səhifələrində, əsasən, hansı sosial-elmi istiqamətlərin yer tutacağından bəhs edilir. Akademik yazıda türkoloji cameəyə üz tutaraq hansı aktual elmi problemlərin araşdırılmasının və prioritet türkoloji istiqamətlərin müəyyənləşdirilib dərindən öyrənilməsinin zəruri olduğunu soruşur.
Biz də məhz bu baxımdan "Türkologiya" jurnalının səhifələrində yer tuta bilən və hər yönü ilə mübahisə doğuran Türk dünyası ilə bağlı bəzi tarixi, kulturoloji, etnoqrafik, folklorik, mifoloji və filoloji-linqvistik istiqamətli problematikləri aşağıda göstərmək istədik. Bunların bir qismi ənənəvi səciyyəli olub koqnitiv və konseptual-filoloji metodlarla yenidən öyrənilməlidir. Digər qismi isə XXI yüzilin konseptual-sosial şərtlərinə görə müzakirə edilə bilən çox ciddi perspektiv və interospektiv xüsuslardır. Birincilərə və ikincilərə aid olan problematiklər aşağıda 10 maddədə uyğun sıra ilə verilmişdir:
1. Türkologiyanın türkoloji dilçilik, folklor, mifologiya, ədəbiyyat, etnoqrafiya, tarix və mədəniyyətşünaslıq kimi elm sahələrinə görə öyrənilməsi və onun müvafiq elmi-metodoloji kursunun yaradılması məsələsi. Bu xüsus akademik Kamal Abdullayevin "Türkologiya" jurnalının 2016-cı il birinci sayında yayımlanmış "Baş redaktordan" adlı yazısında özəl olaraq vurğulanır. Yazıda türkoloji məkanla germanistika, slavistika, romanistika, iranistika, sinologiya, afrikanistika, qədim və ölü dillər və mədəniyyətlər kimi digər önəmli elmi sahələr arasında möhkəm interaktiv bağların yaradılmasının zəruri olduğu göstərilir. İndi böyük şəhərlərdə WALS (Dil Quruluşlarının Dünya Atlası, The World Atlas of Language Structures) kimi sosial elmlərin ən müxtəlif sahələrinə dair müqayisəli və tutuşdurmalı-tipoloji araşdırmalar aparılır. Sözügedən oxşar elmi işlərdə türk dünyasına, dillərinə və mədəniyyətinə dair müxtəlif bilgilər də yer tutur. Türkologiya yalnız şərqşünaslıqdan ayrı müstəqil elmi sahə və ayrıca bir elmi-metodoloji kurs kimi qlobal-konseptual səciyyəli, müqayisəli və tutuşdurmalı-tipoloji araşdırmaların işığında inkişaf edə bilər.
2. Ural-Altay nəzəriyyəsinin XXI yüzilin qlobal, tarixi və konseptual-sosial kontekstində leksik, fonetik, fonoloji, frazeoloji, tipoloji və qrammatik araşdırmalarda müəyyənləşdirilə bilən fərqli və identik dil-nitq göstəricilərinə görə öyrənilməsi məsələsi. Bu gün sözügedən nəzəriyyənin əleyhdarları önəmli dərəcədə artmışdır. Türkologiya bəhsi içərisində yer tutan macar-hun faktoru isə yeni qlobal dünya düzəni müstəvisində fərqli bir şəkildə dəyərləndirilir. Hind-Avropa dilləri təsnifləndirməsi və tarixi-müqayisəli dilçilik metodları isə fərqli baxımlardan sorğulanır. Məsələn, erqativ dillərin fərqli bir qrammatik-sintaktik quruluşa malik olduğu söylənilir, slavyan və türk dilləri kimi bir-birinə ən yaxın qohum dillər təsnifləndirmələri aparılır.
3. Türk dünyası ortaq tarix, ədəbiyyat kitabları və müxtəlif yayınlarının, ayrılıqda isə qloballaşan dünya düzəni şərtlərinə uyğun olaraq, türk xalqlarının sosial fənlərinə dair dərslik, metodik vəsait və s. hazırlanması məsələsi. Bunların hazırlanması məsələsi hələ 1990-cı illərdən etibarən Türkiyədə müzakirə olunmağa başlanmış və həmin sahədə müvafiq işlər görülmüşdür. Bu gün Türk dünyasının ortaq tarix və ədəbiyyat kitabları Qazaxıstanda Türk Elmlər Akademiyasında hazırlanır.
4. "Türkologiya" jurnalının səhifələrində, türk ədəbi dilləri və dialektlərindən gətirilən mətnlərin və ya müxtəlif yazı nümunələrinin vahid bir transkripsiyaya əsasən yayımlanması lazımdır. Jurnalda gedən digər yazıların isə əlifba sırasına və informasiya texnologiyaları əsrinin interaktiv kommunikasiyasına dayanan yeni yayım prinsipləri təcrübəsinə görə verilməsi, fikrimizcə, daha məqsədəuyğun olar. İndi artıq Rusiya Federasiyasındakı bəzi ciddi elmi jurnallar, məsələn, "Voprosı yazıkoznaniya", Türkiyədə isə demək olar ki, başda "Bilig" və "Millə Folklor" olmaqla sosial elmlərə dair yayımlanan bütün beynəlxalq dərgilər sözügedən yayım prinsiplərinə keçmişdir.
XIX yüzil dilçilik elminin tarixində renessans dövrü kimi xaraterizə olunur. Bu yüzildə tarixi-müqayisəli dilçilik elmi və onun metodları ortaya çıxmış və yeni qrammatika kitabları yayımlanmışdır. Türkologiyada da həmin vaxt yeni qrammatika kitabları və müxtəlif lüğətlər yazılmış, Orxon-Yenisey abidələri deşifrə olunmuşdur. Semasioloji dil və hər cür fenomenal semiotik işarələrin sərbəst olduğu, bir-birinə bağlılığı və 100 ildən sonra dilçilik və semiotika elmlərinin birləşəcəyi mülahizəsi irəli sürülmüşdür. XX yüzildə isə yeni dilçlik məktəbləri və nəzəriyyələri ortaya çıxmışdır: strukturalizm, deskriptiv və riyazi dilçilik, funksional qrammatika, sosiolinqvistika, mətn sintaksisi və s. XXI yüzildə sözügedən ənənəvi nəzəriyyələr və metodlara görə müəyyənləşən konseptual müstəvidə koqnitiv dilçilik və linqvokulturologiya kimi yeni filoloji-linqvistik istiqamətlər yaranmışdır. Məhz belə bir dövrdə tanınmış alim, fikir adamı, tənqidçi, tərcüməçi və dünyaca məşhur bir yazarın redaktorluğu, yeni redaksiya heyəti və beynəlxalq məsləhətçilər qrupları ilə fəaliyyətə başlayan "Türkologiya" jurnalının XXI yüzildə nəinki keçmiş şöhrətini bərpa edəcəyinə, həm də daha böyük elmi-praktik yaradıcılıq uğurları qazanacağına Türkiyədə yaşayan və işləyən alimlər olaraq ürəkdən inanırıq.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013-2018.