AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
 

"Türkologiya"da yeni nəfəs

"Türkologiya" jurnalı SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi "Sovetskaya tyurkologiya" adı ilə 1970-ci ildən nəşr həyatına başlayıb.

1992-ci ilə qədər bu adla fəaliyyət göstərib. Nəşr həyatında tanınmış türkoloqların səsi, nəfəsi olub. Çox keçmədən SSRİ-dəki türkoloji araşdırmaların ən güclü nəşr orqanına çevrilib. Hətta türk dünyasının şah əsərlərindən olan "Divani-lüğət-it türk" və "Qutadqu-bilik" əsərlərinə xüsusi buraxılışı həsr olunub. 1993-cü ildən "Türkologiya" adı ilə nəşr edilir. 1926-cı ildə dünya türkoloqlarının iştirakı ilə keçirilən I Türkoloji Qurultaya ev sahibliyi edən Bakının sözügedən elmi jurnalın nəşrini və ənənələrini davam etdirməsi təsadüfi sayılmamalıdır. Nəşrə başlayandan düz 17 il baş redaktor sükanının məhz azərbaycanlı alim Məmmədağa Şirəliyevə həvalə edilməsi də ölkəmizin türkoloji araşdırmalarda oynadığı roldan xəbər verir. 1987-1992-ci illərdə Edhem Tenişev, 1992-2014-ci illərdə akademik Ağamusa Axundov, 2014-2016-cı illərdə akademik Tofiq Hacıyev jurnalın baş redaktoru olublar.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru, AMEA-nın müxbir üzvləri Möhsün Nağısoylu və Muxtar İmanov baş redaktorun müavinləri, Elçin İbrahimov isə məsul katib vəzifəsinə təyin olunmuşlar. AMEA Rəyasət Heyətinin müvafiq qərarından sonra jurnalın rəhbərliyi elmi sferasını genişləndirmiş, dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, yazılı abidələr, mədəniyyət mövzularında və türkoloji mərkəzlərlə bağlı məqalələrin nəşrinə də qərar vermişdir.
İldə dörd dəfə nəşr olunan "Türkologiya" jurnalının üçüncü sayı artıq işıq üzü görüb. Bu sayda jurnalın elmi əhatəsinin bir az da genişləndiyini görürük. Məqalələrin göndərildiyi ölkələr jurnalın beynəlxalq nüfuzundan və arealından xəbər verir: Türkiyə, Rusiya, Cənubi Koreya, Almaniya, Özbəkistan, Gürcüstan. Onu da qeyd edim ki, hər bir məqalə dərin elmi faktlara söykənərək öz sahəsində yeni cığır açır, tədqiqatçıların toxunulan mətləblərə marağını çəkə bilir.
Jurnalın 3-cü sayı Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universtetinin professoru Nəsimxan Rəhmanovun məqaləsi ilə başlayır. Məqalə türk dilinin keşiyində duran, dilin saflığını qorumağı qarşısına məqsəd qoyan Əbülqazi Bahadur xan haqqındadır. Müəllif, Əbülqazi Bahadur xanın şifahi (xalq-danışıq) dili ərəb-fars alınmaları ilə ağırlaşdırılmış ədəbi dildən üstün tutduğunu və "Şəcəreyi-Tərakimə" əsərini bu prinsiplə - sadə danışıq dilində yazdığını qeyd edir: "Bu tarixi (Şəcəreyi-Tərakimə) hər kəs bilsin deyə türkcə yazdım. (O qədər saf türkcə yazdım ki), beş yaşındakı uşaq belə anlasın".
Professor Nəsimxan Rəhmanov Əbülqazi Bahadur xanın türk və monqol etnik tarixini sübuta yetirmək üçün izah etdiyi bir çox nümunələrə istinad edərək onun XIX əsrin sonuna doğru Avropa və Rus türkologiyasında ortaya çıxan Altay nəzəriyyəsini iki yüz il qabaqladığını irəli sürür. Əbülqazi Bahadur xanın bir çox monqol sözünə izah verdiyini, türk dilinin digər dillərdən üstün cəhətlərinə toxunduğunu, türklərin tarixi əsərlərində işlənən peyğəmbər adlarını, "uyğur" kəlməsinin və bir çox qəbilə adlarının etimoloji aspektdən izah etdiyini məqalədən oxuyuruq.
İkinci məqalə frazeoloji semantika və maşın tərcüməsində frazeoloji lüğətlərin tərtibat prinsipləri haqqındadır. Müəllifləri professor Kamilə Vəliyeva və dəyərli alim, mərhum türkoloq Məhəbbət Mirzəliyevadır. Müəlliflər kompüter texnologiyasının həyatın hər sahəsinə tətbiq edildiyi müasir dövrdə aktual mövzuya toxunurlar. Maşın tərcüməsində frazeoloji lüğətlərin tərtibat prinsipini ətraflı izah edir, həm də faydalı təkliflər irəli sürürlər. Kompüter tərcümə sistemlərinin mətnləri daha çox hərfi tərcümə etdiyini bildirən müəlliflər bu sistemlərin insan - tərcüməçi modelini əsas götürdükdə daha effektiv olacağını qeyd edirlər. Frazeoloji ifadə və deyimlərin dilin milli kimliyini əks etdirdiyini, məhz buna görə də tərcümədə, xüsusən də, maşın tərcümə sistemində bir çox problemlər çıxdığını qeyd edirlər. Müəlliflər frazeoloji ifadə və deyimlərin kompüter tərcümə sisteminin bazasına daxil edilməsinin vacibliyini vurğulayırlar. Elmi-teniki mətnlərin rus dilindən ingilis dilinə tərcüməsini həyata keçirən RETRANS sistemi haqda məlumat verir, bu sistemə iqtisadiyyat, siyasət, hərb və hüquq terminlərinin də daxil edildiyini yazırlar. Məqalənin sonunda müəlliflər deyimlərin tərcümə sistemi üçün politematik kompüter lüğətini hazırlamağı, beləcə elmi-texniki mətnlərin Azərbaycan dilindən rus dilinə maşın tərcüməsini həyata keçirməyi qarşılarına məqsəd qoyduqlarını oxuyuruq ki, bu da maşın tərcüməsi sahəsində səmərəli addım sayılır.
"Ədəbiyyat və folklor" rubrikasındakı türkiyəli professor Osman Fikri Sərtqayanın məqaləsi böyük şairimiz, himnimizin müəllifi Əhməd Cavadın "Qara dəniz" şeiri haqdadır. Alim araşdırmasında "Qara dəniz" şeirinin izinə düşür, bir çox qaranlıq məqamlara aydınlıq gətirir və bu qənaətə gəlir ki, şeirin orijinal nüsxəsi müəllifin 1918-ci il mayın 1-də öz əli ilə yazıb Əli bəy Hüseynzadəyə təqdim etdiyi nüsxədir.
O. F. Sərtqaya şeirin əski nüsxəsini və öz oxunuşunu verir, 1914-15-ci illərdə İstanbul və ya Gəncədə yazıldığı qənaətinə gəlir. Məqalədə şeirin türk dilində dəyişikliyə uğramış şəklini, dəyişdirilmiş sözlərini, həmçinin, əlavələrini və bəzi anlaşılmayan sətirlərin mənasını oxuyub öyrənirik.
Məqalədən onu da oxuyuruq ki, Əli bəy Hüseynzadənin bir təxəllüsü də A. Turani olub. Əhməd Cavad "Qara dəniz" şeirinin əvvəlində "Sevgili Turan məfkurəsinə birinci yol göstərdin" cümləsində bu təxəllüsə işarə edib. Müəllif şeirin erməni Sayat Novaya aid olduğu fikrini qətiyyətlə rədd edərək yazır: "...Tarih? Gerçeklere uymayan bu görüşü de bir dezenformasyon ve ya bilgi kirletilmesi olarak kabul etmek gerekiyor. Bunun için şairin 18. yüzyılda Hamidiye gemisini nasıl zikredeceğini düşünmek yeter. Sayat Nova falcı mıydı da Yalta'yı, Kefe'yi, Tuapse'yi bombalayan Hamidiye zırhlısını olaylardan yüz yıl öncesinden biliyordu?"
Müəllif Əhməd Cavadın həyat və yaradıcılığını, Ə. Hüseynzadənin məfkurəsi uğrunda əzmkar mübarizəsini işıqlandırır, onun bəzi vacib məsələlər (məsələn, "tatar xalqı" ifadəsi və s.) haqda fikirlərini diqqətə çatdırır. Həmçinin, "Qara dəniz" şeirinin müxtəlif varinatlarında işlənən "Həmidiyyə", "Kazbek təpəsi" sözlərini izah edir. Böyük türkoloq şeirin yazıldığı yer, tarix və şeirə edilən dəyişiklikləri təsvir etməklə kifayətlənmir, yazıldığı dövrü, Azərbaycanın müstəqilliyə qovuşması kimi tarixi hadisələri, ziyalılarımızın mücadiləsini də işıqlandıraraq şeiri ictimai-siyasi hadisələrin fonunda bütün "tarixi cizgiləri" ilə təqdim etməyi bacarır.
Eyni rubrikada Tiflis Dövlət Universitetinin professoru Ketevan Lortkipanidze və elmi işçisi Vüsalə Talıbovanın türk atalar sözlərində etnik ünsürlər mövzusunda araşdırması ilə tanış oluruq. Professor M. Rusieşvilinin semantik modeli əsasında seçilən 35 atalar sözü türklərin həm özləri, həm də digər xalqlar haqda mənfi və müsbət sterotipləri tədqiqata cəlb edilir. Müəlliflər bu kimi atalar sözlərinin həm xalqların həyat tərzi və dünyagörüşü, həm də digər etnoslara qarşı sterotipləri, təmasda olduğu xalqlara münasibəti haqqında zəngin material verdiyini qeyd etsələr də, məqalənin predmetinə uyğun olaraq bu mövzulara toxunmamışlar. Ancaq xalqların enişli-yoxuşlu münasibətlərinin və bir çox tarixi hadisələrin atalar sözündəki izlərinin araşdırılması mövzusunda gələcək tədqiqatçılara ipucları verir.
Moskva Dövlət Dilçilik Universitetinin professoru Aleksandr Bondarev "Kitabi-Dədə Qorqud"a həsr etdiyi məqaləsində eposun estetikası ilə romanın etikası arasındakı dialektin qarşılıqlı təsirlərinə toxunur. "Kitabi-Dədə Qorqud"un timsalında dağıdıcı tarixi hadisələrin mifoloji sahəyə təsirinin nəticələrini göz önünə sərməyə çalışır. Eposun xalq yaradıcılığının, romanın isə individual yaradıcılığın məhsulu kimi ortaya çıxdığını qeyd edir, fikirlərini əsaslandırarkən akademik Kamal Abdullayevin məşhur "Gizli Dədə Qorqud" əsərinə də istinad edir.
Jurnalın mifologiya rubrikasında cənubi koreyalı professor Han Vo Çoi "Koreya dilində altaycadan gəlmə şamanizm ünsürləri" adlı ingiliscə məqaləsində Koreya musokunun (qədim inancının) Altay şamanizmindən yarandığını və onların hər ikisinin mənşəcə eyni olduğunu ortaq dil ünsürləri əsasında sübuta yetirməyə çalışır. Şamanizmə aid terminlərin Koreyada indi də yaşadığını qeyd edir. "Abaci", "baksi", "kam", "kow", "kut", "pudak", "tarkan" sözlərini şamanizmin Koreya dilindəki izləri kimi tarixi və etimoloji səpkidə araşdırır, maraqlı müqayisələr aparır. Məqaləni oxuduqca həmin sözlərin izinə düşürük, məsələn, "sənətkar, türk bəylərinin titulu" mənasına gələn tarkan sözünün XI əsrdən sonra "gözdən itdiyini", monqol sözü "darxan"ın (vergidən azad olunan xüsusi şəxslər) işləndiyini görürük. "Darxan" sözü cağatay dilinə keçir, qırğızların "Manas" dastanında "dəmirçi" mənasında özünü göstərir. Monqol dilində də "sənətkar, dəmirçi" mənaları ilə yanaşı, "vergidən azad olunan şəxs" anlamını qoruyur. Həmin sözün əlavə mənası kimi V.Lessinqin lüğətində "dini rituallar üçün ayrılımış yer" izahını oxuyuruq. Müəllif bu sözün eyni zamanda, "qutsal, qutlanmış" mənalarında işləndiyini nəzərə çatdırır. Bu faktlar işığında "tarxan" və ya "darxan" sözünün hansısa ibtidai inanc və ya şamanizmlə əlaqəsindən xəbər verir. Buradan anlayırıq ki, tarxanlar məhz dini vəzifələrinə görə vergilərdən azad edilibmiş. Yakutlar dəmirçiyə şaman qədər ehtiram göstərirlər. Onlar ədəbli bir qız görəndə onun dəmirçi və ya şamana yaxşı bir həyat yoldaşı olacağını deyirlər. Yakut şamanizminə görə, dəmirçilər xəstələri sağaltmağı və gələcəkdən xəbər verməyi bacarırlar. Nəhayət, müəllifin bələdçiliyi ilə müasir Koreya dilində işlənən "tarku" sözünə gəlib çıxırıq. "Tarku" Koreya dilində "dəmirin bir parçasını odda qızdırmaq" mənasına gəlir. Müəllif Koreya dilində şamanizmin izlərini ortaya çıxararaq bu qalıqların digər dillərdə də araşdırılmasına yol göstərir.
Bakı Avrasiya Universitetinin professoru Firidun Cəlilovun "Lemni yazısının mənşəyi hara aparır?" məqaləsində Lemni adasından tapılan kiçik yazı örnəklərinin oxunuşu ilə tanış oluruq. Müəllif kombinator və etimoloji metoddan istifadə edərək Lemni yazısını tamam fərqli kontekstdə oxuya bilir. Sonda belə bir qənaətə gəlir ki, "qədim türk tarixinə yeni bəlgə verən lemni yazısı Suqas//Saqas elinin, suqas (çuvaş?) dilinin və Aker Tagarın mənsub olduğu araz soyunun qamərlərlə bağlı olduğunu ortaya qoyur. Bu izah qamər-etrusk əlaqələrinə də işıq tutur, etrusk dilinin türk qatında çuvaş dilinə məxsus elementlərin varlığına, özlərini rasen (arasen) adlandıran etrusk toplumunda qamər (kimmer) kökənli araz boyunun önəmli çəkisinə aydınlıq gətirir. Göytürk yazılarından min il qədim olan Lemni yazısı Prototürk atayurdunu Ön Asiyada verən Urmu teoriyası üçün də çox önəmli bəlgədir". Müəllif Lemni yazılarını oxuyaraq "Egey dənizində olan Lemni adasında e.ə. I minilliyin ortalarına qədər finik və türk əlifbaları ilə eyni mənşəli yazıdan istifadə olunmuşdur" nəticəsinə gəlir.
"Türkoloji mərkəzlər" rubrikası Almaniyada türkoloji araşdırmalarına həsr olunub. Sofiye Niyentimpin 16 səhifəlik ingiliscə məqaləsindən Almaniyada türkoloji mərkəz və tədqiqatlar haqda dolğun məlumat alırıq. Məqalədə oxuyuruq ki, Almaniyada türkoloji araşdırmalar keçən əsrin əvvəllərində başlasa da, 50-ci illərdə vüsət alıb. Müəllif Almaniyanın Azad Berlin Universiteti (The Free University of Berlin), Yohannes Qütenberq Universiteti, Humbolt Universiteti, Corc Avqust Universiteti, Lüdviq Maksimilian Universiteti, Hamburq Universiteti kimi nüfuzlu ali məktəblərində aparılan türkoloji araşdırmalardan söz açır, hər universitetdə türkoloji tədqiqatların başlanma tarixi, istiqamətləri və bu sahədə işləyən alimlər, həmçinin, dil proqramları, türkoloji mərkəzlər, icra edilən və yekunlaşdırılan elmi-tədqiqat layihələri haqqında qısa məlumat verir.
Məsələn, Azad Berlin Universitetində Krım tatarlarının dili, türkmən dili, Osmanlı və cağatay əlyazmaları üzrə araşdırmalar aparıldığını, həmçinin, türk-monqol dil əlaqələri, qərbi monqol dialektləri, Azərbaycan dilçiliyi, tipoloji dilçilik, Altay xalqlarının dil əlaqələri və folklorunun tədqiq edildiyini öyrənirik. Universitetin tədqiqatçısı Habil Mişel osmanlı, türk və başqırd dilləri ilə yanaşı, SSRİ-nin dağılmasından sonra Azərbaycan da daxil olmaqla, türkdilli ölkələrdə milli kimlik məsələlərini də araşdırır. Azad Berlin Universitetində tamamlanmış layihələr arasında "Azərbaycan və Orta Asiya ölkələrində dil siyasəti"nin (Barbara Kellner, Yakob Landau) olduğunu da məqalədən öyrənirik.
Məqalədən onu da oxuyuruq ki, Humbolt Universitetində Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilən mərkəzdə professor Eva-Maria Auçun rəhbərliyi altında Azərbaycan tarixi sahəsində araşdırmalar aparılır. Professor Eva-Marianın Rusiya tarixini, Sovet İttiffaqı və onun xələf dövlətləri, müstəmləkəçilik, millətçilik və din siyasəti ilə yanaşı, milli hərəkatlar, Qafqaz xalqlarının kültürü və bölgədəki münaqişələr, alman-Qafqaz əlaqələri sahəsində də araşdırmalar apardığını buradan oxuyuruq.
Almaniyanın 13 universitetində ümumən türk-alman dil əlaqələri, türk abidələri, qədim və müasir türk dilləri (Azərbaycan, türk, qazax, yeni uyğur, özbək, tatar, qıpçaq, altay dilləri və s.), Yaxın və Orta Şərqin tarixi və mədəniyyəti, islam və sufizm, İran və Türkiyənin mətbuat tarixi, məmlüklərin tarixi və mədəniyyəti, Qafqaz xalqlarının mədəniyyəti, tarixi, dil məsələləri, dil siyasəti sahəsində dərin elmi araşdırmalar aparıldığı haqda məqalədən kifayət qədər bilgi əldə edirik.
"Redaksiyaya məktub" rubrikasında Türkiyədə yaşayan azərbaycanlı alim, Qazi Universtetinin professoru Mehman Musaoğlu, universitetin digər professorları Fatih Kirişçioğlu, İbrahim Dilək və dosent Tümən Somuncuoğlunun "Türkologiya" jurnalının redaksiyasına ünvanladığı "Türkiyədən baxışlar" məqaləsində jurnalın fəaliyyəti, qarşıda duran məsələlər, türkologiyanın aktual problemləri mövzusu ətraflı işıqlandırılır. Məqalənin əvvəlində türklük fenomeninə toxunulur və bir çox türk xalqlarının qurultaylar keçirməsi birlik-bərabərlik yolunda atılmış önəmli addım kimi diqqətə çatdırılır. 2001-ci ildən bəri Azərbaycanda dördü keçirilən Dünya Azərbaycanlıları qurultaylarında əvvəlcə Ümummilli lider ulu öndər Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin konseptual çıxışlarının Türk dünyasında çox böyük əks-səda doğurduğu qeyd edilir.
Müəlliflər 2016-cı ildən akademik Kamal Abdullayevin redaktorluğu və ön sözü ilə "Türkologiya" jurnalının yayım həyatını tamamilə yeni bir fəaliyyət proqramı ilə davam etdirməsini bütövlükdə ümumtürk mədəniyyəti və ayrılıqda türk xalqlarının dili, ədəbiyyatı, folkloru, etnoqrafiyası və s. haqqında aparılan elmi araşdırmaların konseptual-koqnitiv səciyyəli istiqamətlər və metodların tətbiq olunması zərurətinin bir nəticəsi kimi izah edirlər. "Türkologiya" jurnalının nəşr həyatından vacib məqamları vurğulayan müəlliflər jurnalın hər sayını haqlı olaraq "Türkoloji elmi-mədəni hərəkat"da yeni bir hadisə kimi dəyələndirir, jurnalın nəzdində keçirilən türkoloji seminarları və ilk seminarda akademik Kamal Abdullayevin toxunduğu mətləbləri yüksək qiymətləndirirlər. Bu yerdə akademik Kamal Abdullayevin seminarın əsas məqsədinin türkologiya elminin nailiyyət və problemlərinin görkəmli türkoloqlarla birgə müzakirəetmək və gənc türkoloqları da bu elmin gəlişmələri və canlı əfsanələri ilə tanış etmək olduğunu vurğuladığını qeyd edirlər.
Müəlliflər jurnalın nəşr həyatında 2016-cı ildən etibarən üçüncü bir akademik dövr başladığını qeyd edirlər: "Akademik Kamal Abdullayevin "Türkologiya" jurnalının baş redaktoru, Elçin İbrahimovun məsul katib olması, yeni redaksiya heyəti, eyni zamanda, beynəlxalq məsləhətçilər qrupları üzvlərinin öz sahələrində tanınmış alimlər arasından seçilməsi, konseptual səciyyəli üst başlıqlar və ya rubrikalarla jurnalın bölmələrinin yenidən müəyyənləşdirilməsi və elə ilk saylarda yayımlanan məqalələr də sözügedən akademik dönəmin gələcək möhtəşəm ayaq səslərindən xəbər verir".
Məqalənin davamında akademik Kamal Abdullayevin türkoloqlara üz tutaraq hansı aktual elmi problemlərin araşdırılmasının və prioritet türkoloji istiqamətlərin müəyyənləşdirilib dərindən öyrənilməsinin zəruri olduğunu soruşmasına cavab olaraq 9 maddəlik təklif və fikirlərini dilə gətirir və elmi faktlarla əsaslandırırlar.
Bu təkliflər nəinki "Türkologiya" jurnalının, həm də bütün Türk dünyası araşdırmalarının qarşısında duran vacib məsələlərdir: Ural-Altay nəzəriyyəsinin XXI əsrin qlobal, tarixi, konseptual-sosial konsteksində yenidən tədqiq edilməsi, əcdad türk mətninin rekonstruksiyası, Orxon-Yenisey abidələrinin ədəbi növünün, nəzm, və ya nəsrlə yazılmasının müəyyənləşdirilməsi, iltisaqi dillərin elmi terminoloji sisteminin yenidən işlənməsi, jurnalda vahid transkripsiyanın tətbiq edilməsi və s.
"Resenziyalar" rubrikasında Abid Tahirlinin professor Vilayət Quliyevin "Füyuzat"ın iki yazarı" əsəri haqqında resenziyası diqqət çəkir. Məqalədən öyrənirik ki, kitab "Füyuzat" jurnalının iki müəllifi: Həsən Səbri Ayvazov və Əhməd Kamalın həyat və yaradıcılığına həsr olunub. Bu iki türk oğlunun Azərbaycandakı ziyalı fəaliyyətini təsvir edən məqalə müəllifi əsər haqqında dolğun təəssürat oyadır. V. Quliyevin bu əsəri gözləri "Füyuzat"ın digər müəlliflərinə çevirməklə yanaşı, "Füyuzat" fonunda mətbuat tariximizin araşdırılmasına da dəyərli töhfədir.
Eyni rubrikada Bakı Dövlət Universitetinin dissertantı İmanyar Quliyevin türkiyəli professor Mustafa Arqunşah və dosent Qalib Günərin birlikdə işləyib ərsəyə gətirdikləri "Codex Cumanicus" kitabı haqqında resenziya da maraq doğurur. Müəllif bu nəşrdə XIII - XIV əsrlərə aid edilən qıpçaq abidəsi "Codex Cumanicus"un bütün mətninin transliterasiya, tərcümə və faksimilenin əhatə edildiyini, kitabın təkcə "Codex Cumanicus"un transliterasiya və tərcüməsi deyil, abidə üzərində aparılmış dərin tədqiqat olduğunu, gənc tədqiqatçılara yeni araşdırma sahəsi açdığını vurğulayır.
"Elmi həyat" rubrikasında keçirilən beynəlxalq konfranslar, bu konfranslarda müzakirə edilən məsələlər haqda məlumatı Kifayət Hacıyeva və Elçin İbrahimovun xronikasından əldə edirik. "Nekroloqlar" rubrikasında isə iyunun 26-da vəfat edən görkəmli rus türkoloqu Dmitriy Nasilov, sentyabrın 15-də dünyadan köçən tanınmış türkoloq Semih Tezcanın həyatı və elmi fəaliyyəti işıqlandırılır.
"Personalia" rubrikasında böyük türkoloq professor Zeynəb Qorxmazın anadan olmasının 95 illiyi münasibətilə yazılmış yazını oxuyur, onun elmi fəaliyyəti, fundamental türkoloji araşdırmaları ilə tanış oluruq. Anna Maria fon Qabendən əski uyğur dilini öyrənən Z. Qorxmaz Anadolu dialektləri, türk dilinin qrammatikası mövzularında sanballı əsərlərin müəllifidir. Məqalə müəllifi Şükrü Haluk Akalının yaxın keçmişə aid bir xatirəsi mərhum akademik A. Axundovun əsərlərinin əhəmiyyətini də vurğulayır: "Bugünlerde Türkiye Türkçesi dil bilgisinin ses bilgisi bölümünü yazmaya başlayan Prof. Dr. Korkmaz, 2017 yılının Nisan ayında Bakü'ye gideceğimi duyunca "Rahmetli Ağamusa Ahundov'un fonetik ile ilgili kitapları var. Bana onları getirin de çalışmamda değerlendireyim" demişti. Merhum Ahundov'un kitaplarını Bakü'den getirdim. Prof. Dr. Korkmaz şimdi Türkiye Türkçesinin ses bilgisi bölümünü yazıyor".
"Türkologiya" jurnalı böyük alim, akademik, fikir adamı, tənqidçi, tərcüməçi və dünyada məşhur bir yazıçının redaktorluğu, tanınmış alimlərdən ibarət redaksiya heyəti və beynəlxalq məsləhətçilərin koordinasiyalı işi sayəsində elmi ənənə və yenilikləri sintez etməkdədir. Elmi mərkəzlərlə əlaqələrini genişləndirir, elmi konfrans və seminarlar təşkil edir. Bu çoxyönlü fəaliyyətin nəticəsidir ki, "Türkologiya" jurnalı 2017-ci il oktyabr ayından etibarən Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən MLA-nın (Modern Language Association) biblioqrafiyasına daxil edilib. Həmçinin, oktyabr ayında "Türkologiya" jurnalı SAJİ indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb və jurnal ilkin olaraq SAJİ-nin 1,765 indeksinə layiq görülüb. SAJI Hollandiyada fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad mənbəyidir.
"Türkologiya" jurnalının daha böyük elmi uğurlara imza atacağına, türkoloji tədqiqatlar sahəsində 200 illik ənənəni yeni elmi araşdırmalarla zənginləşdirib inkişaf etdirəcəyinə ürəkdən inanırıq.

İmanyar QULİYEV
BDU-nun türkologiya kafedrasının dissertantı

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013-2018.