AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Haqqımızda
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
 

TÜRKOLOJİ DÜŞÜNCƏNİN MƏRKƏZİ – “TÜRKOLOGİYA” JURNALININ YENİ 2-ci SAYI

İlk dəfə 1970-ci ildə nəşr edilmiş “Sovetskaya tyurkologiya” beynəlxalq elmi jurnalı 1992-ci ildən etibarən “Türkologiya” adı ilə dünya türkoloqlarının ən mötəbər tribunası kimi öz fəaliyyətini uğurla davam etdirir. Uzun illər M.Şirəliyev, Ə.Tenişev, A.Axundov, T.Hacıyev kimi görkəmli alimlərin baş redaktorluğu ilə böyük nüfuz qazanmış bu beynəlxalq elmi jurnala 2016-cı ildən AMEA Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev rəhbərlik edir. Həm də bu qərara əsasən, artıq jurnal Nəsimi adına Dilçilik İnstitutunun deyil, AMEA Rəyasət Heyətinin elmi-nəzəri orqanı kimi fəaliyyət göstərir.
Sevindirici haldır ki, bu ildən etibarən jurnalın profili də genişləndirilmişdir: belə ki, məcmuə təkcə dilçilik üzrə deyil, humanitar və ictimai elm sahələri üzrə də (ədəbiyyatşünaslıq, folklorşünaslıq, fəlsəfə, şərqşünaslıq, tarix, incəsənət və memarlıq) elmi məqalələrin nəşrini həyata keçirir. Çünki dünya çapında tanınan bu elm dərgisinin qayəsi yalnız “Sovetskaya tyurkologiya” jurnalının ənənələrini davam etdirmək deyil, həm də türkologiyanı digər elm sahələrinin mütəxəssisləri üçün maraqlı etməkdir.
2016-cı ildə ilk nömrəsi ilə yeni mərhələyə qədəm qoymuş “Türkologiya” jurnalının 2-ci sayı da məqalə müəlliflərinin nüfuzuna, mövzuların aktuallığına, elmi məsələlərin probelamtikliyinə və dərin məzmununa görə diqqəti çəkir. Məcmuədə ictimai və humanitar sahələr üzrə dünyanın müxtəlif ölkələrinin aparıcı elm və təhsil müəssisələrindən tanınmış elm adamlarının məqalələri yer almışdır: Almaniyadan Elizabetta Raqaqnin, Qazaxıstandan Qaliya Kurmanqaliyeva, Türkiyədən Oleq Rüstəmov, Osman Fikri Sərtqaya və Ə.B.Ercilasun, Azərbaycandan Nüşabə Araslı və Buludxan Xəlilov və başqalarını qeyd etmək olar.
Jurnalın ikinci sayı vaxtilə görkəmli türkoloq akademik A.N.Kononovun V.Radlovun türkoloji faəliyyəti haqqında yazdığı məqalə ilə başlayır. Burada A.N.Kononovun öz sələfinin fəaliyyəti haqqındakı ətraflı fikirləri və mülahizələri olduqca maraqlıdır.
Dilçilik rubrikasında Almaniyadan professor E.Raqaqnin “Azərbaycan dilində monqol alınma sözləri: areal baxış” adlı məqaləsində Azərbaycan-monqol dil əlaqələri nəticəsində dilimizin leksik qatında baş vermiş dəyişmələrdən bəhs edir. Müəllif dilimizə daxil olmuş monqol mənşəli sözlərin mənimsənilməsinin dilin müxtəlif səviyyələri üzrə baş vermə səbəblərini aydınlaşdırır.
Ədəbiyyat və folklor rubrikasında prof. N.Araslının “Orta əsrlər türk şeirində Nizamidən iqtibaslar” adlı məqaləsində orta əsr məsnəvi ədəbiyyatının tanınan simalarının bədii yaradıcılığında Nizami “Xəmsə”sindən tərcümə yolu ilə bəhrlənmənin geniş izahı verilmiş, iqtibasların məzmun və məqsədi müqayisəli şəkildə araşdırılmışdır.
Fəlsəfə və tarix rubrikasında qazaxıstanlı alim professor Q.Kurmanqaliyevanın “Əl-Fərabi fəlsəfəsi mədəniyyətlərarası dialoqun fenomeni kimi” adlı araşdırmasında şərqin görkəmli filosofu Əl-Fərabi yaradıcılığının milli və bəşəri mahiyyəti izah edilir, filosofun irsindəki multikultural faktorlar dərindən tədqiq olunur.
Yazılı abidələr rubrikasında Türkiyənin Ərdahan Universitetindən filologiya üzrə fəlsəfə doktoru O.Rüstəmovun “XVII-XVIII əsrlərə aid şəriət məhkəmələrinin, məhkəmə reyestrinin materiallarında Krım xanlığı əhalisinin zümrə titullarının, rütbələrinin eyniləşdirilməsində linqvistik elementlər” adlı məqaləsində XVII-XVIII əsr Krım-tatar dilində işlənmiş və sosial statusları müəyyən edən titulların linqivistik xüsusiyyətləri araşdırılır, bu yöndə maraqlı məqamlara toxunulur.
Prof. B.Xəlilovun “I Türkoloji Bakı Qurultayının iştirakçıları: qırğız türkoloqu Qasım Tınıstanov” adlı məqaləsində maraqlı faktlar öz əksini tapmışdır. I Türkoloji qurultayın 90 illik yubileyinin qeyd olunduğu bu günlərdə müəllif qırğız dilçisi Qasım Tınıstanovun qurultaydakı fəaliyyəti, elmi məzurəsinin aktual və araşdırılmamış məqamlarına aydınlıq gətirmişdir.

Jurnalda O.F.Sərtqayanın “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsində latınca, ərəbcə, farsca, türkcə mətndənkənar qeydlər” adlı araşdırmasında dastanın Vatikan nüsxəsinin yaranma tarixindən danışılır: müəllif dastanın bu nüsxəsinin Sultan Bəyazidin oğlu Şahzadə Aləmşaha tədqim edilməsi, lakin Aləmşahın ölümündən sonra başqa şəxslərə mənsub olması, nəhayət, Qüds kardinalının mülkiyyətinə və oradan da Vatikan kitabxanasına keçməsi kimi maraqlı məqamlara toxunmuşdur.
Türkoloji mərkəzlər rubrikasında prof. Ə.B.Ercilasunun “Sibir və Qafqazda türkoloji araşdırmalar” adlı məqaləsində Sibir və Qafqazda türkoloji tədqiqatların aparılması tarixindən bəhs olunur. Müəllif bu regionda türkoloji araşdırmaların tarixini müəyyən mərhələlərə ayırır və onlar haqqında geniş məlumat verir.
Jurnalın bu sayında E.Çingizoğlu və M.Qacarın “Qacar dövrünün (1794-1925) diplomatları” əsəri haqqında Aleksandr Nesterovun, Cengiz Alyılmazın “Qobustan sirri (Qıpçaqlara gedən yol)” əsəri haqqında Elçin İbrahimovun resenziyaları da böyük maraq doğurur.
Personalia rubrikasında türk dünyasının tanınmış simaları Abdulla Tukayın 130, Ninel Hacıyevanın 90, Oljas Süleymenov və Əbülfəz Rəcəblinin 80, Məsud Mahmudovun 65 illik yubileyləri münasibətilə onların həyat və yaradıcılığına həsr olunmuş məqalələr dərc edilmişdir.
Elmi həyat rubrikasında isə bu il ərzində dünya türkoloqlarını bir araya gətirmiş beynəlxalq elmi-mədəni tədbirlər haqqında ətraflı məlumat verilmişdir.
“Türkologiya” jurnalı müxtəlif profilli türkoloqlar üçün faydalı və etibarlı mənbəyə çevrilmişdir. Nəzdində seminar keçirməyi qərarlaşdıran jurnal öz ətrafına düşünürük ki, yaxın gələcəkdə tükoloji gəncliyi də toplaya biləcəkdir.

PƏRVİN EYVAZOV
BDU-nun “Türkoloji araşdırmalar” Elmi Tədqiqat Laboratoriyasının əməkdaşı

 
 
 
 
Faydalı linklər
 
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.