AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 

BAŞ REDAKTORUN MÜAVİNLƏRİ

Möhsün Zellabdin oğlu Nağısoylu

Möhsün Nağısoylu 1946 -cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. Orta təhsilini burada aldıqdan sonra 1963-cü ildə indiki BDU-nun şərqşünaslıq fakultəsinin İran filologiyası şöbəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1972-ci ildən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləyir. 1976-1980-ci illərdə kiçik elmi işçi, 1981-1988-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildən “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiridir. İnstitutda işlədiyi müddətdə əsasən farsdilli və türkdilli əlyazmaların tədqiqi sahəsində çalışmışdır.Hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun 1, 2 və 3-cü cildlərinə daxil edilmişdir. Farsdilli əlyazmalar kataloqunun 2-ci və 3-cü cildlərinin elmi redaktorudur. M.Z.Nağısoylu 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə” (poleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik və 1994-cü ildə “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. M.Z.Nağısoylu 28 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi, və tərcüməçisidir.

Onun “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti”(Bakı, 2000), “M.Füzulinin “Hədiqətüs-süəda”əsəri”(Bakı, 2002), “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (Bakı, 2003), “Şirazinin “Gülşəni-raz” tərcüməsi” (Bakı, 2004), “Əhmədinin “Əsrarnamə” tərcüməsi” (Bakı, 2005), “Həzininin “Hədisi-ərbəin” tərcüməsi” (Bakı, 2008) kitabları milli Azərbaycan humanitar elminin inkşafında mühüm rol oynamış, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Elmi araşdırmaları əsasən orta yüzilliklərdə fars dilindən Azərbaycan türkcəsinə edilmiş tərcümə əlyazmalarının mətnşünaslıq və dilçilik baxımından tədqiqinə həsr olunmuşdur. M.Z.Nağısoylu Azərbaycan tərcümə tarixi problemlərinə və yazılı abidələrə dair 200-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir.

Bir sıra Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Məqalələri Tehran, Kabil, Sankt-Peterburq, İrəvan, Qazan, Ankara, Konya şəhərlərində nəşr olunan elmi toplularda çapdan çıxmışdır. Tərtibçisi olduğu “Nizami. İncilər” kitabı Türkiyədə, “Farsca əlyazmalar kataloqu” kitabı isə İranda nəşr olunmuşdur. Abuturiyentlər üçün “Azərbaycan dili” (1999), “Ədəbiyyat” (2000), “Azərbaycan dili və ədəbiyyat” (2003) dərs vəsaitlərinin də müəllifi, M.Füzulinin “Hədiqətüs-süəda” (1993), M.Nəsirinin “Lisanüt-teyr” (2000), “Şeyx Səfi təzkirəsi” (2006) əsərlərini tərtib və çap edənlərdən biridir. Rəhbərlik etdiyi 4 dissertant namizədlik dissertasiyalarını müdafiə etmişdir.

Fars dilindən tərcümə etdiyi üç kitabı nəşr olunub: S.Bəlaği. “Quran qissələri”; Ə.Bəxşayişi. “Sidiqiye-Tahirə”; Şeyx Mahmud Şəbüstəri. “Gülşəni-raz”.Azərbaycan MEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdindəki ixtisaslaşdırılmış müdafiə şurasının, eləcə də Əlyazmalar İnstitutu nəzdində yaradılan birdəfəlik müdafiə şurasının üzvüdür. 1996-2002-ci illərdə Qafqaz Universitetində “Azərbaycan dili” və “Türk İslam ədəbiyyatı tarixi” fənlərini tədris etmişdir. 2005-ci ildən Sumqayıt Dövlət Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının professorudur. 1967-1970, 1972-1975 və 1982-1986-cı illərdə Əfqanıstanda fars dili tərcüməçisi işləmişdir.

Muxtar Kazımoğlu – İmanov

Muxtar Kazım oğlu İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kəndində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980-1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi üzrə əyani aspiranturasında təhsil almışdır.

1984-cü ildə filologiya üzrə fəlsəfə doktoru, 2007-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

M.Kazımoğlu əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977-80). Aspirantura təhsilindən sonra, 1983-1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya bölməsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1992-2000-ci illər arasında “Yazıçı” nəşriyyatının baş redaktoru olmuşdur.

1999-cu ildə Bələdiyyə seçkilərində iştirak etmiş və Bakı şəhərindəki M.Ə.Rəsulzadə Bələdiyyəsinə üzv seçilmişdir. 2000-2003-cü illərdə M.Ə.Rəsulzadə Bələdiyyəsində Sosial və Ekoloji Məsələlər Daimi Komissiyasının sədri olmuşdur.

2001-2003-cü illərdə AMEA “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzində böyük elmi işçı kimi çalışmışdır. Mərkəz 2003-cü ildə Folklor İnstitutuna çevrildikdən sonra Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi vəzifəsini icra etmişdir. 2011-ci ildən AMEA Folklor İnstitutunun direktorudur.

M.Kazımoğlu ədəbiyyatşünaslıq və folklorşünaslıq sahələrində tanınmış alimdir. Onun Azərbaycan nəsrində bədii psixologizmin etnik özünüifadə kodu kimi modelləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, həmçinin folklorşünaslığın aktual problemlərinə həsr edilən 7 elmi kitabı (Müasir Azərbaycan nəsrində psixologizm. Bakı, Elm, 1991; Gülüşün arxaik kökləri. Bakı, Elm, 2005; Xalq gülüşünün poetikası. Bakı, Elm, 2006; Folklorda obrazın ikiləşməsi. Bakı, Elm; 2011, Epos.Nəsr.Problemlər. Bakı, Elm və təhsil, 2011, Portretlər, Bakı, Nurlan, 2013; Folklor həm keçmiş, həm də bu gündür. Bakı, Elm və təhsil, 2014), yüzdən artıq elmi məqaləsi, eləcə də çoxsaylı publisistik yazıları nəşr olunmuşdur. Folklorun toplanması, tərtib və nəşr olunması ilə ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların layihə rəhbəri və həmmüəlliflərindən biridir. Bir çox əsərləri xarici olkələrdə çap edilmişdir. Çox sayda beynəlxalq elmi simpozium, konfrans və konqreslərdə məruzə ilə çıxış etmişdir.

M.Kazımoğlu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qaliblərindən olmuşdur (2013). Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru yetişmişdir.

2011-ci ildən “Folklorşünaslıq” ixtisası üzrə elmi dissertasiyaların Müdafiə Şurasının və Folklor İnstitutu Elmi Şurasının sədridir. Folklorşünaslıq sahəsi üzrə Azərbaycanda ən nüfuzlu elmi məcmuə olan “Arxetip” jurnalının baş redaktoru, “Dədə Qorqud”, “Türkologiya” elmi jurnalları redaksiya heyətinin üzvüdür.

M.Kazımoğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Ədəbiyyat fənni üzrə Elmi-Metodiki Seminarın rəhbəri və Ekspert Şurasının sədridir. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvüdür.
M.Kazımoğlunun iki oğlu, iki nəvəsi var.

AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlunun elmi əsərləri müasir Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslıq elminin ən mürəkkəb nəzəri-konseptual problemlərinə həsr olunması baxımından diqqəti daha çox cəlb edir. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəsi üzrə aspirantura təhsili alan, akademik Məmməd Cəfər Cəfərovun elmi rəhbərliyi ilə “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda namizədlik dissertasiyası müdafiə edən (1984), Azərbaycan nəsrində bədii psixologizmin nəzəri prinsiplərini ədəbiyyatşünaslığımız tarixində ilk dəfə olaraq işləyib üzə çıxaran M.Kazımoğlu bu qənaətə gəlmişdir ki, yazılı ədəbiyyatdakı çoxplanlı obrazların, mürəkkəb özünüdərk səhnələri ilə yadda qalan qəhrəmanların mənşəyi folklora gedib çıxır. Bu qənaət onun tədqiqat obyektinin tədricən yazılı ədəbiyyatdan şifahi ədəbiyyata, folklora və mifologiyaya doğru dəyişməsinə, şifahi sənət və yazılı sənət müqayisəsini diqqət mərkəzində saxlamasına səbəb olmuşdur. Təsadüfi deyil ki, “Müasir Azərbaycan nəsrində psixologizm” monoqrafiyasında (1991) M.Kazımoğlu bir fəsli (“Psixoloji nəsr və folklor”) şifahi və yazılı ədəbiyyat əlaqələrinə həsr etmiş, 1980-ci illərin sonlarından etibarən müxtəlif elmi məcmuələrdə folklorşünaslığa dair məqalələrlə çıxış etmiş, mütəmadi olaraq folklor ekspedisiyalarında olmuş, bir müddət sonra folklor nümunələrindən ibarət kitabını çap etdirmişdir.

M.Kazımoğlunun “Gülüşün arxaik kökləri” (Bakı, Elm, 2005) və “Xalq gülüşünün poetikası” (Bakı, Elm, 2006) monoqrafiyaları Azərbaycan folklorşünaslığının nəzəri məsələlərinin tədqiqinə yönəlmiş ciddi elmi əsərlərdir. Folklordakı gülüşün yazılı ədəbiyyatdakı gülüşdən fərqləndiyini, özünəməxsus mahiyyət və funksiya daşıdığını açıb göstərən bu əsərlərdə Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiya ortaya qoyulur; xalq gülüşünün arxaik semantikası, onun mifoloji və magik mahiyyəti dərindən təhlil edilir; yazılı ədəbiyyata aid edilən “öldürücü gülüş” meyarının komik folklor nümunələrinə tətbiqinin yanlış tendensiya olması, həyatverici gülüşün aparıcı yer tutduğu folklorda komik konfliktin kəskin qarşıdurmadan uzaq olması, bu amilin isə süjetin və obrazların strukturuna əsaslı şəkildə təsir göstərməsi ilə bağlı mühüm qənaətlər irəli sürülür.

“Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edən (2007) M.Kazımoğlu bu istiqamətdə araşdırmaların davamı kimi ortaya çıxan “Folklorda obrazın ikiləşməsi” əsərində (Bakı, Elm, 2011) ilk dəfə olaraq qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman, qəhrəman və yalançı qəhrəman problemlərini araşdırma predmetinə çevirir; folklorda obrazın ikiləşməsinin mifdən (xüsusən əkizlər mifindən) gələn və müxtəlif janrlarda əksini tapan səciyyəvi modellərini (hökmdar və təlxək, ağıllı və axmaq, doğru və yalan, taraz və nataraz və s.) üzə çıxarır.

Həmin modellərin yalnız xalq ədəbiyyatı üçün yox, bütövlükdə xalq mədəniyyəti üçün səciyyəvi olduğunu faktik material və nəzəri mülahizələrlə əsaslandıran M.Kazımoğlu Azərbaycan folklorşünaslığı üçün son dərəcə vacib olan bir məsələyə – “folklor” anlayışının yalnız xalq ədəbiyyatı ilə məhdudlaşmayıb, xalq musiqisi, xalq oyunları, xalq toxuculuğu, xalq memarlığı, xalq təbabəti, xalq geyimləri, xalq mətbəxi və s. kimi müxtəlif sahələri də özündə ehtiva etməsi məsələsinə diqqəti yönəldir. Folklor anlayışına bu cür geniş müstəvidə yanaşmaq iki cəhətdən mühüm elmi əhəmiyyət daşıyır: a) folklor etnoqrafiya ilə vəhdətdə öyrənilir; b) folklorun şifahi ənənə əsasında yaranması xüsusi olaraq nəzərə alınır.

Şifahilik məsələsini xüsusi olaraq nəzərə alan M.Kazımoğlu xalq ədəbiyyatı nümunələrinin yazılı ədəbiyyat nümunələrindən fərqli olaraq, ifa prosesində yaranmasını mühüm bir məsələ kimi diqqət mərkəzində saxlayır və bu məsələyə folklorşünaslığın təməl problemlərindən biri kimi baxır. Təsadüfi deyil ki, o, folklorun toplanması, tərtib edilməsi və araşdırılması prinsiplərinə həsr etdiyi “Folklorun toplanması və sistemləşdirilməsində bəzi təməl prinsiplər”, “Koroğlu: problemlər, mülahizələr”, “Qarabağ folkloru: problemlərdən perspektivlərə doğru”, “Ustad aşıq və tarixi ənənə”, “Azərbaycan folklorşünaslığı: tarix və müasirlik” və s. kimi məqalələrində folklorşünasların tarixən yol verdiyi səhvlərin əksər hallarda şifahi ifaçılıq prosesini, söyləyicilik sənətinin incəliklərini nəzərə almamaqdan irəli gəldiyini diqqətə çatdırır. M.Kazımoğlunun qənaətinə görə, bayatı, ağı, lətifə, nağıl, dastan ... kimi janrların ifa prosesini nəzərə almamaq həmin janrların düzgün elmi istiqamətdə yazıya alınması, tərtib olunması və araşdırılmasına ciddi şəkildə mane olur. Məsələn, sazın sözdən, sözün sazdan ayrı öyrənilməsi, aşıq şeirinin aşıq musiqisindən nə dərəcədə asılı olmasına diqqət yetirilməməsi bu sahəyə aid tədqiqatlardan bir çoxunun ciddi qüsuru kimi ortaya çıxır. Ədəbi irs və varislik məsələsinə xüsusi əhəmiyyət verən, özündən əvvəlki tədqiqatçılara böyük ehtiramla yanaşan M.Kazımoğlu Azərbaycan folklorşünaslığının ən qiymətli nümunələrini müəyyənləşdirməkdə folklorun özünəməxsusluğunu, el sənətinin qanunauyğunluqlarını nəzərə alıb-almamağı başlıca meyar hesab edir.

Azərbaycan folklorunu necə var, o şəkildə – “bəzəksiz-düzəksiz”, bütün mümkün variantları ilə birgə yazıya alıb çap etmək sahəsində gördüyü işlər (Bu yurd bayquşa qalmaz. V.Nəbioğlu, Ə.Əsgərlə birlikdə. Bakı, Yazıçı, 1995; Zəngəzur folkloru. V.Nəbioğlu, Ə.Əsgərlə birlikdə. Bakı, Səda, 2005); AMEA Folklor İnstitutunun direktoru kimi rəhbərlik etdiyi və həyata keçirdiyi layihələr (məsələn, Qarabağ, Naxçıvan, Lənkəran-Masallı, Şəki-Zaqatala, Quba-Xaçmaz, Dərbənd, Borçalı, həmçinin Cənubi Azərbaycan layihələri) əsasında folklor çoxcildliklərinin çap olunması M.Kazımoğlunun elmi-nəzəri baxışlarının başqa bir göstəricisidir. M.Kazımoğlunun qənaətinə görə, folklorun bədii-estetik zənginliyi və milli mahiyyəti öz ifadəsini söyləyici mətninin təbiiliyində tapır və mətn bu şəkildə elmə daha çox lazım olur.

 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.