AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
 

AXUNDOV AĞAMUSA AĞASI OĞLU

(1932-2015)

Filologiya elmləri doktoru, professor, akademik, Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, Ağamusa Axundov 1932-ci ildə fevralın 2-də Azərbaycanın Kürdəmir şəhərində anadan olmuşdur. 1940-cı ildə Kürdəmir şəhərində orta məktəbə getmiş, 1950-ci ildə orta məktəbi qızıl medalla başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat şöbəsinə daxil olmuş, 1955-ci ildə həmin fakültəni «Nizami» təqaüdü ilə bitirmiş və aspiranturaya daxil olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasını vaxtından qabaq bitirərək «Felin zaman kateqoriyası (Azərbaycan dili materialları əsasında)» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və ADU-nun ümumi dilçilik kafedrasına müəllim, daha sonra baş müəllim təyin olunmuşdur. 1959-cu ildə O, Universitetdə dosent vəzifəsiqdə işləyə-işləyə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis dili şöbəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1964-cü ildə «Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1965-1966-cı illərdə Qahirənin Eyn-Şəms Universitetində ingilis dilində Azərbaycan dili və ədəbiyyatından dərs demişdir.
1967-ci ildə isə professor elmi adını almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı seçilmişdir.
1968-1974-cü illərdə BDU-nun filologiya elmləri üzrə Müdafiə Şurasının sədri təyin edilmişdir.
1973-cü ildə 5-6-cı siniflər üçün «Azərbaycan dili» dərsliyinə görə ona Azərbaycan SSR Maarif Nazirliyinin mükafatı verilmişdir.
1986-cı il professor Ağamusa Axundovun həyatında əlamətdar olmuşdur. Həmin il «Azərbaycan dilinin fonetikası» monoqrafiyasına görə Azərbaycan Dövlət Mükafatı almışdır.
1990-cı ildə Ağamusa Axundov Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru seçilmişdir. Elə həmin il respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmətlərinə görə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
Ağamusa Axudov 1990-cı ildən 2011-ci ilə kimi Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunda direktor, 2001-ci ildən 2011-ci ilə kimi AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində işləmişdir. O, Beynəlxalq «Türkologiya» elmi jurnalının və «Azərbaycan MEA-nın Xəbərləri (Humanitar və İctimai elmlər seriyası)» jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının, Azərbaycan Milli Məclisinin Toponimiya Komissiyasının üzvüdür. 1991-ci ildə Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasına sədr təyin olunmuşdur.
Ağamusa Axundov dil nəzəriyyəsi sahəsində respublikamızda aparıcı mütəxəssisdir.
Uzun müddət Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasına rəhbərlik etmişdir. Alimin o sahədə elmi-pedaqoji fəaliyyətinin nəticəsi kimi 1979-cu ildə «Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları)» kitabı çapdan çıxmışdır. 1994-cü ildə həmin kitab «Təhsil» Cəmiyyətinin mükafatına layiq görülmüşdür.
Ağamusa Axundov dilçiliyin bütün sahələrinə aid sanballı elmi əsərlərin, araşdırmaların müəllifi kimi tanınır. Xüsusilə, nəzəri dilçilik, fonetika, qrammatika, etimologiya, dil tarixi və dialektologiya, üslubiyyat və nitq mədəniyyəti sahəsində Ağamusa Axundovun xidmətləri böyükdür. Belə ki, linqvistik nəzəriyyələrinin qısa tarixi, dünya dilçiliyinin əsas problemləri, dilin fəlsəfi və ictimai məsələləri, dilin daxili sistemi və quruluşu, dilçilik metodları onun yaradıcılığında dəqiqləşdirilir. Bununla yanaşı, fonologiya, onun predmet və vəzifələri, fonem, fonemin tədqiqi tarixi, qrammatika, qrammatik kateqoriyaların mahiyyəti, morfologiya və onun əsas vahidi, söz yaradıcılığı, leksikologiya, linqvistik tipologiya məsələləri ilə bağlı bir-birindən maraqlı axtarışlar aparan A.Axundov qrammatik quruluşuna görə dillərin müxtəlif tiplərini kontrastiv, müqayisəli və konseptual istiqamətdə araşdırmış nəzəri ümumiləşdirmələrlə bu problemlərə aydınlıq gətirmişdir. Xüsusən, riyazi dilçilik terminləri ilə bağlı olan təhlil üsulları, Amerika deskriptiv dilçilik məktəblərində geniş yayılmış distributiv təhlilinin mahiyyəti açıqlanmış və bu anlayış əslində Azərbaycan dilçiliyinə onun tərəfindən gətirilmişdir. Alim «Dil və üslub məsələləri «Felin zamanları», «Dilçiliyə giriş», «Ümumi dilçilik», «Riyazi dilçilik», «Azərbaycan dilinin fonetikası», «Dil və ədəbiyyat» 2 cilddə, «Şeir sənəti və dil», «Dilin estetikası» monoqrafiyaların və 500-ə qədər elmi məqalənin müəllifidir.
2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş «Azərbaycan dilinin orfoqrafiya lüğəti» çapdan çıxmışdır. Lüğətə əvvəlki nəşrdə olmayan 18 minə yaxın söz daxil edilmişdir. Həmin sanballı lüğətin redaktoru və ön sözün müəllifi Ağamusa Axundovdur. 2004-cü ildə çapa təqdim olunmuş dördcildlik «Azərbaycan dilinin izahlı lüğəti» də onun redaktorluğu ilə hazırlanmışdır.
2005-ci ildə Ağamusa Axundovun tərtib etdiyi bircildlik «Azərbaycan dilinin izahlı lüğəti» çapdan çıxmışdır. İzahı verilən baş sözlərin sayına görə ən zəngin olan bu lüğət geniş oxucu kütləsinin stolüstü kitabına çevrilmişdir.
Ağamusa Axundov Türkiyədə, İranda, Misirdə, Çexoslovakiyada, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Rusiyanın bir çox şəhərlərində, Belorusiyada, Türkmənistanda, Gürcüstanda, Yuqosloviyada, Amerika Birləşmiş Ştatlarınında, Yaponiyada və s. ölkələrdə elmi səfərdə olmuş, maraqlı məruzələrlə çıxış etmişdir.
Ağamusa Axundov Azərbaycan dilçiliyi sahəsində böyük xidmətlərinə, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə mükafatlandırılmış, orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. 1970-ci ildə «Əmək rəşadətinə görə» medalı, 2000-ci ildə isə «Şöhrət ordeni» ilə təltif edilmişdir. 1968-ci ildə Xarici ölkələrlə Sovet Döstluq və Mədəni Əlaqələr İttifaqının, 1969-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur. Xalq şairi Məmməd Araza həsr olunmuş məqaləsinə görə «Məmməd Araz» ədəbi müsabiqəsinin laureatı olmuşdur.
Ağamusa Axundov geniş və zəngin yaradıcılıq yolu keçmiş, neçə nəslin böyük dilçilər nəslini yetirşdirmiş və tərbiyə etmiş, xalqın dərin rəğbətini qazanmışdır.
1993-2014-cü illərdə “Türkologiya” jurnalının baş redaktoru olmuşdur.
Allah rəhmət eləsin!

 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.