AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 

17.5.2014

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin altıncı nəşri çapdan çıxdı

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin altıncı nəşri

Orfoqrafiya məsələsi hər bir mədəni xalqın yazısında mühüm tələblərdən biridir. Yazı mədəniyyətinin tərəqqisində orfoqrafiya mühüm rol oynayır. Təsadüfi deyil ki, XX əsrdə Azərbaycan yazısından ərəb əlifbası çıxarıldıqdan sonra orfoqrafiya məsələsi günün mühüm məsələlərindən biri kimi meydana çıxdı. İlk orfoqrafiya qaydaları 1925-ci ildə nəşr olunsa da, sonra bunun əsasında 1929-cu ildə “İmla lüğəti” adı ilə “Azərnəşr” tərəfindən orfoqrafiya sözlüyü çap olundu. Həm ilk orfoqrafiya qaydaları, həm də “İmla lüğəti” Vəli Xuluflunun müəllifliyi ilə nəşr olundu. “İmla lüğəti” (birinci nəşr) həcmcə çox kiçik olan bir lüğət olmuş, burada dilimizdəki sözlərin az bir hissəsi verilmişdir. Lüğətin həcmcə kiçik olmasına baxmayaraq lüğət yazı mədəniyyətimizin, nitq mədəniyyətimizin inkişafında mühüm rol oynamışdır. “İmla lüğəti” orfoqrafiya lüğətinin tərtibi tarixində ilk təşəbbüs olduğundan çox qiymətli bir lüğət olmuşdur. Təbii ki, dil inkişaf edir, lüğət tərkibi yeni sözlərlə zənginləşir. Bu zaman dilin orfoqrafiya qaydalarını nizama salmaq lazım gəlir, orfoqrafiyadakı bəzi dolaşıqlıqları aradan qaldırmaq lazım gəlir. Bu zərurət yeni – yeni orfoqrafiya lüğətlərinin hazırlanması zərurətini meydana gətirir. Odur ki, “İmla lüğəti” 1940-cı ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun elmi əməkdaşları tərəfindən “Orfoqrafiya lüğəti” (ikinci nəşr) adı ilə nəşr olundu.
Bu lüğətdə 21000-dən artıq sözün orfoqrafiyası özünə yer aldı. Əlbəttə, bu lüğət də təlabatı tam şəkildə ödəmədiyi üçün 1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu. 1960-cı ildə çap olunmuş lüğət 1940-cı ildə nəşr olunmuş lüğətin əsasında hazırlanmışdır. 1960-cı ildə çap olunmuş (üçüncü nəşr) “Orfoqrafiya lüğəti”ndə 40 000 artıq söz olmuşdur. Dilin lüğət tərkibində gedən zənginləşmə prosesi, o cümlədən tələbat yeni bir orfoqrafiya lüğətinin çapı zərurətini yaratmışdır. Beləliklə, 1975-ci ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (dördüncü nəşr) nəşr olunmuşdur. Bu lüğət 58000 sözü əhatə etmiş və demək olar ki, öz dövrünün leksikasını əks etdirə bilmişdir.
2004-cü ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (beşinci nəşr) latın qrafikalı əlifba ilə çap olunmuşdur. Bu lüğət Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmışdır. 2004-cü ildə çap olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmişdir. Lüğətə 1975-ci ildə çap olunmuş “Orfoqrafiya lüğəti”ndə olmayan 18 000-ə yaxın söz daxil edilmişdir. 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 58 000 sözü əhatə edirdisə, latın qrafikası ilə 2004-cü ildə çap olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 80 000 - ə yaxın sözü əhatə etmiş və onların düzgün yazılışını göstərmişdir.
Orfoqrafiya lüğətlərinin təkmilləşdirilməsi, yenidən çap olunması, hər şeydən əvvəl, bir tələbatla bağlı olur. Belə ki, mövcud orfoqrafiya lüğəti tələbatı ödəmir, dilin lüğət tərkibinə gələn yeni sözlər orfoqrafiya lüğətində əks olunmur, lüğət tərkibində, sözlərin tələffüz və yazı normalarında təbii inkişaf prosesi gedir, və sair, və ilaxır. Bütün bu təlabatlar əsasında orfoqrafiya lüğətinin yeniləşməsi zərurəti meydana gəlir. Açığı qeyd edək ki, Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni, elmi həyatında və digər sahələrdə o qədər mütərəqqi dəyişikliklər baş vermişdir ki, bunların hamısı yeni – yeni məfhumlarla yanaşı, onları ifadə edən sözləri də dilimizin lüğət tərkibinə təbii olaraq gətirmişdir. Ona görə də dilimizin lüğət tərkibinə daxil olan yeni – yeni sözlərin yazılış normalarını qaydaya salmaq üçün zamanın, dövrün tələbinə cavab verən orfoqrafiya lüğətinin çapına ehtiyac olmuşdur. Məhz bu ehtiyacı ödəmək üçün 2013-cü ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (altıncı nəşr) “Şərq – Qərb” Nəşriyyat Evi tərəfindən çap edilmişdir. Bu lüğət AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında bəyənilmiş və çapa məsləhət bilinmişdir.
Lüğətin layihə rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Ağamusa Axundov, redaktor və ön sözün müəllifi isə filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədlidir. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin tərtibində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Lüğətçilik” şöbəsinin əməkdaşlarının – şöbə müdiri, professor İsmayıl Məmmədlinin, professor Aydın Ələkbərovun, professor Nadir Məmmədlinin, filologiya elmləri doktoru Nəriman Seyidəliyevin, filologiya üzrə fəlsəfə doktoru Bəhruz Abdullayevin, böyük elmi işçi Nigar Xəlifəzadənin zəhməti və xidməti əvəzsizdir.
Elmi ictimaiyyət və mütəxəssislər yaxşı bilir ki, 2004-cü ildə çap olunmuş “Azərbayca dilinin orfoqrafiya lüğəti” oxucuların böyük marağına səbəb olmuşdur. Odur ki, oxucular və mütəxəssislər qəzetlərdə, jurnallarda məqalələr çap etdirmiş, öz təkliflərini, rəylərini söyləmiş, bəziləri münasibətlərini yazdıqları məktublarla bildirmişlər. 2004-cü ildən keçən müddət ərzində rəylər, təkliflər, fikirlər, mülahizələr, məktublar saf – çürük edilmiş, bunların əsasında təkmilləşdirmələr aparılmış və 2013-cü ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (altıncı nəşr) çap edilmişdir. Qeyd olunduğu kimi, bu lüğət həcm baxımından 2004-cü ildə çap olunmuş orfoqrafiya lüğətindən fərqlənir. Belə ki, 2004-cü ildə çap olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın söz vardısa, genişləndirilmiş və yenidən işlənilmiş bu nəşrdə 110 min 563 söz vardır. 2013-cü ildə çap olunmuş lüğətə 2004-cü ildəki lüğətdəki sözlərdən əlavə 30 mindən çox söz daxil edilmişdir. Bu lüğətdə əlavə edilmiş sözlərin əksəriyyəti yeni yaranmış sözlər, eyni zamanda 2004-cü ildəki nəşrə daxil edilməmiş sözlərdir. Məsələn, musiqi adları, xörək adları, siyasi terminlər, hüquq terminləri və s.
2013-cü ildə çap olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (altıncı nəşr) 840 səhifə olmaqla “Ön söz”dən, “Lüğətin quruluşu”ndan, “Orfoqrafiya qaydaları”ndan, “Lüğətdəki şərti ixtisarlar”dan, “Azərbaycan əlifbası”ndan (burada latın qrafikalı əlifba ardıcıllığı ilə sözlərin orfoqrafiyası verilir), “Əlavələr”dən, “Lüğətdəki sözlərin axtarış cədvəli”ndən ibarətdir.
2013-cü ildə çap olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” öz quruluşu baxımından əvvəlki nəşrdən (2004-cü il nəşrindən) bəzi cəhətlərinə görə fərqlənir. Belə ki, 2004-cü ildə nəşr olunmuş lüğətə coğrafi adlar, adam adları, müasir ədəbi dildə işlənməyən qəliz ərəb və fars sözləri, yalnız bir məhəllə və məhdud peşəkarlar dairəsində işlənən sözlər (arqotizmlər) daxil edilməmişdir. 2013-cü il nəşrində isə orfoqrafiya lüğətinə “Şərq – Qərb” Nəşriyyat Evi tərəfindən hazırlanmış coğrafi adlar (əlavə 1-2) və şəxs adları (əlavə 3-4) ilk dəfə olaraq əlavə olunmuşdur. Burada Azərbaycan Respublikasının coğrafi adları Azərbaycan Milli Ensiklopediyasına uyğun olaraq hazırlanmışdır.
Coğrafi adlar Azərbaycan Respublikasındakı coğrafi adları və dünya üzrə bəzi coğrafi adları əhatə edir. Arzu edərdik ki, Azərbaycan Respublikasındakı coğrafi adların digər ərazilərdə – Qərbi Azərbaycanda (indiki Ermənistanda), Gürcüstanda, Dağıştanda, İranda, İraqda və digər yerlərdə mövcud olan arealları da lüğətdə öz əksini tapaydı. Məsələn, lüğətdə Ağbulaq kəndinin Cəlilabad, Xocalı, Xocavənd, İsmayıllı, Laçın, Şahbuz, Tovuz rayonlarındakı areallarının verilməsi təkcə coğrafi adın orfoqrafiyası ilə bağlı deyil, həm də onun yayılma coğrafiyası barədə geniş təsəvvür yaradır. Eləcə də Boyat kənd (Ağcabədi, Neftçala, Ucar rayonlarında), Borsunlu kənd (Goranboy rayonu, Tərtər rayonu), Bozlu kənd (Kəlbəcər rayonu, Laçın rayonu), Çaylı kənd (Biləsuvar, Qazax, Şəmkir, Tərtər rayonları), Xanlıqlar kənd (Qazax, Şərur rayonları) və s. çoxlu sayda Azərbaycanda arealları olan kəndlərin verilməsi oxucuya coğrafi adların yayılması barədə də bilgi verir. Ancaq lüğətdə xeyli coğrafi adlar var ki, onların Azərbaycanın hüdudlarından kənarda arealları vardır və həmin arealları göstərmək bu dəyərli lüğətin dəyərini daha da artıra bilərdi. Məsələn, Alpan, Altıağac, Çaykənd, Borçalı, Dəmirçilər, Faxralı, Kosalı, Qarabulaq və s. kəndlər (bu qəbildən olan coğrafi adlar da az deyil) öz areallarını Azərbaycandan kənarda da qoruyub saxlamışdır. Onların hər birini vermək, bizcə, lüğətin dəyərini daha da artırardı. Ona görə ki, lüğətdəki hər bir sözün arxasında bir anlayış, məfhum dayanır ki, bu da oxucunu təkcə sözlərin orfoqrafiyası baxımından deyil, həm də məfhum və anlayışlar barədə bilgiləndirir. Qeyd etdiyimiz kimi, lüğətdə dünya üzrə bəzi coğrafi adların verilməsi oxucunun dünya barədə və onun coğrafiyası barədə olan bilgilərini genişləndirir. Burada 400-dən çox dünya üzrə bəzi coğrafi adlar verilir. Yenə də arzu edərdik ki, dünya üzrə bəzi coğrafi adlar deyil, dünya üzrə bütün coğrafi adlar lüğətdə tam şəkildə veriləydi.
Lüğətdə bəzi şəxs adları da verilir. Bu da indiyə qədərki orfoqrafiya lüğətlərinin tarixində ilk işlərdən biridir. Həm də təqdirəlayiq bir işdir. Lüğətdə 480-dən çox Azərbaycanda işlənən bəzi şəxs adları, 190-dan çox dünyada daha çox işlənən şəxs adları verilmişdir. İlk təcrübə kimi şəxs adlarının orfoqrafiya lüğətində verilməsi, inanırıq ki, oxucuların, mütəxəssislərin ürəyincə olacaqdır. Ancaq yenə də arzu edərdik ki, gələcəkdə lüğətin təkmilləşmiş nəşrində həm Azərbaycanda, həm də dünyada işlənən şəxs adlarının əksəriyyəti orfoqrafiya lüğətində öz əksini tapaydı. Arzular həmişə gələcək üçün ölçülüb – biçilir. Biz də lüğətdəki dəyərli yenilikləri görməklə gələcək üçün də ölçülüb – biçiləcək arzularımızı qeyd edirik.
2013-cü ildə çap olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə ilk dəfə olaraq respublikamızdakı idarə və təşkilat adları da verilir. Açığı qeyd edək ki, bu idarə və təşkilat adlarının bir qisminin orfoqrafiyası ictimaiyyətin hər bir üzvü üçün gərəklidir. Ona görə gərəklidir ki, idarə və təşkilat adlarının bir qismi həyat tərzi ilə bağlı olaraq yeni yaranmış adlardır. Onların orfoqrafiyası hələ insanların düşüncəsində kök sala bilməmişdir. Odur ki, bu qəbildən olan idarə və təşkilat adlarının lüğətdə verilməsi onların orfoqrafiya qaydalarının nizamlanması işinə kömək göstərəcəkdir. Yeri gəlmişkən qeyd edək ki, lüğətdə 168 Azərbaycan Respublikasındakı idarə və təşkilat adları verilmişdir. Onların yeni olanları təkcə onların orfoqrafiyasını nizamlamır, həm də idarə, təşkilat adları barədə orfoqrafiya lüğətindən istifadə edəcək hər bir kəsi maarifləndirir. Məsələn, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti, Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparatı, Azərbaycan Respublikası Ərazilərinin Minalardan təmizlənməsi üzrə Milli Agentlik, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Respublikası Məhkəmə - Hüquq Şurası, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi, Dövlət Bayrağı Muzeyi və s. kimi idarə, təşkilat adlarının lüğətdə verilməsi hər bir kəsi məlumatlandırır və maarifləndirir.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (altıncı nəşr) 2004-cü ildə çap olunmuş lüğətdən fərqli olaraq ilk dəfə beynəlxalq təşkilatların adları da verilmişdir. 55 beynəlxalq təşkilatın adı lüğətə daxil edilmişdir. Əlbəttə, oxucular bu təşkilatların orfoqrafiyası ilə yanaşı, onların mahiyyəti, məşğul olduqları sahələr, vəzifə və funksiyaları barədə də bilgilərini genişləndirə biləcəklər. Dünya qloballaşır, bu prosesdə yeni olan cəhətlərdən biri də beynəlxalq təşkilatlar və onların xidmət sahələri, funksiyalarıdır. Bu mənada müasir olan hər bir insan beynəlxalq təşkilatların adlarını bilməli və onların fəaliyyət sahələri, dairələri ilə maraqlanmalıdır. Odur ki, beynəlxalq təşkilatların böyük əksəriyyəti, demək olar ki, hamısı lüğətdə verilmişdir. Təbii ki, bu da lüğətin dəyərini artıran, onu hər bir oxucu üçün gərəkli edən cəhətlərdən biridir. Oxucu beynəlxalq təşkilat adlarını orfoqrafiya lüğətində oxumaqla beynəlxalq informasiya məkanının reallıqları ilə tanış olur. Eyni zamanda beynəlxalq təşkilatların hansı sahələr üzrə fəaliyyət göstərdiyini öyrənir. Məsələn, Amerika – Azərbaycan Ticarət Palatası, Amerika – Avrasiya Sənaye Ticarət Palatası, Amerika Birləşmiş ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Amerika Beynəlxalq Təhsil Şurası, Asiya – Sakit Okean İqtisadi Əməkdaşlığı, Müstəqil Dövlətlər Birliyi (MDB), Yoxsulluğun Azaldılması üzrə Yaponiya Fondu və s.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (altıncı nəşr) dünya ölkələrinin pul vahidləri də veilir. Bu da əvvəlki nəşrdə olmayan ilk təşəbbüsdür. Lüğətdə 54 ölkənin pul vahidi, onun beynəlxalq kodu və şərti işarəsi verilir. Bu da oxucunu pul vahidlərinin orfoqrafiyası ilə maarifləndirməkdən əlavə, həm də hansı ölkədə hansı pul vahididindən istifadə olunması barədə məlumat verir. Məsələn, Almaniya, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, İspaniya, İtaliya, Kipr, Latviya, Malta, Lüksemburq, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan Avrodan, Avstraliya, Kanada, Sinqapur Dollardan, İraq, Serbiya Dinardan, Azərbaycan, Türkmənistan Manatdan, Çexiya, İslandiya, İsveç, Norveç Krondan və eləcə də digər ölkələr başqa – başqa pul vahidlərindən istifadə edir. Gələcəkdə təkmilləşmiş orfoqrafiya lüğətləri çap edildikdə bu ilk təcrübədən istifadə edərək dünyanın bütün dövlətlərinin pul vahidlərini vermək bir növ dünyanı tanımaq, öyrənmək baxımından oxuculara fayda verəcəkdir.
Lüğətdə orfoqrafiya qaydalarının verilməsi də oxucuda bir sıra qaydaların yaranması vərdişinə köməklik göstərmək baxımından qiymətlidir. Saitlərin yazılışı, samitlərin yazılışı, sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı, şəkilçilərin yazılışı, rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı, mürəkkəb sözlərin yazılışı, köməkçi sözlərin yazılışı, birinci hərfi böyük yazılan sözlər, ixtisarların (abreviaturaların) yazılışı, sözün sətirdən – sətrə keçirilməsi qaydaları – bütün bunların hamısı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin (altıncı nəşr) müsbət xüsusiyyətləri kimi diqqəti cəlb edir.
Lüğətdə sözlərin ədəbi tələffüz qaydalarına uyğun yazılması prinsipi əsas götürülmüş və 2004-cü ildə çap olunmuş lüğətdə fel kimi yazılan sözün feil kimi yazılması məqsədəuyğun sayılmışdır. Doğrudan da, şeir, sətir, nəsil, eyib, qədir, qəbir və s. sözlər iki heca ilə yazıldığı halda, fel sözünün bir heca ilə yazılmağı düzgün deyildir. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (altıncı nəşr) zamanın tələbinə və oxucuların tələbatına, mütəxəssislərin istəyinə cavab vermək baxımından qiymətli bir kitabdır. Arzu edərdik ki, bu kitab bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, evlərdə olsun və stolüstü kitab kimi istifadə edilsin.

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

 
 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.