AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 

AFAD MƏHƏMMƏD OĞLU QURBANOV

Özündən sonra silinməz izlər qoyan, böyük şəxsiyyətlər daima nəsillərin yaddaşında yaşayır. Görkəmli dilçi-alim, məşhur türkoloq, əlifba islahatçısı, layiqli vətəndaş, mübariz ictimai xadim Afad Məhəmməd oğlu Qurbanov da belə şəxsiyyətlərdən idi.
Azərbaycanın hazırkı əlifbasının müəllifi və islahatçısı, milli və beynəlxalq akademiyaların akademiki, dünyanın bir çox linqvistik və onomastik elmi təşkilatlarının həqiqi və ya fəxri üzvü, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov uzun illər boyu bütün qüvvə və bacarığını dilimizin hərtərəfli tədqiqinə və təbliğinə, yüksək ixtisaslı elmi-pedaqoji kadrların, alimlərin yetişdirilməsi işinə həsr etmişdir. Onun ömür kitabını vərəqləyəndə gözlərimiz önündə istedadlı bir linqvist-alim, fədakar müəllim, müdrik bir insan canlanır. O, orta məktəb müəllimliyindən respublika Elmlər Akademiyasının müxbir üzvlüyünədək şərəfli bir həyat yolu keçmiş, gələcək nəsillərə nümunə ola biləcək dəyərli və mənalı bir ömür yaşamışdır.
Səmimiyyət, təbiilik, qayğıkeşlik, mərdlik, tələbkarlıq, prinsipiallıq onun təbiətinin ayrılmaz əlamətlərindəndir. A.Qurbanov öz alim fərdiyyətini təsdiq edə bilən, özünü yaxşı mənada başqalarından fərqləndirə bilən alim idi. Həmişə axtarışda, fəal təfəkkür və elmi düşüncələr aləmində olan A.Qurbanov ömrünün sonunadək alim həyatının və elmi fəaliyyətinin zirvələrində idi.
Dilçiliyin bir sıra sahələrinin əsasını qoyan, filoloji məktəb yaratmış Afad Qurbanov çox zəngin və məhsuldar bir yaradıcılığa malik idi. Onun elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı geniş və əhatəli olmuşdur. Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, alim onu araşdırmasın və öz münasibətini bildirməsin. Onun çox sayda olan əsərləri elmiliyi, professionallığı ilə seçilir, müəllifin dərin, sərrast elmi təfəkküründən xəbər verir. Alimin ümumi, türkoloji və Azərbaycan dilçiliyinin tədqiqatlarına dair 70-dən artıq kitabı, dərsliyi, monoqrafiyası, 500-dən çox elmi-metodik məqaləsi nəşr edilmişdir. Onun hər bir əsəri Azərbaycan dilçiliyində mövcud problemin həllinə kömək etmişdir. Bu əsərlərin bir qismi müxtəlif mükafatlara layiq görülmüş, bir qismi isə xarici ölkələrdə, o cümlədən Rusiya, Türkiyə və başqa dövlətlərdə dərc edilmişdir. Alimin iki cildlik “Ümumi dilçilik”, “Müasir Azərbaycan ədəbi dili”, “Azərbaycan dilinin onomalogiyası” və s. kitabları dünya və milli dilçilik xəzinəsinin ən kamil və dəyərli incilərindəndir. Afad Qurbanov yazdığı əsərlərə görə dövlət tərəfindən təltif edilmiş az sayda dilçi alimlərimizdən biridir. O, dövlət mükafatına çoxsaylı əsərlərindən elə ancaq birinə – iki cildlik “Azərbaycan dilinin onomalogiyası” monoqrafiyasına görə layiq görülmüşdür.
A.Qurbanov istedadlı alim və peşəkar müəllim olmaqla yanaşı, həm də fəal təşkilatçı xadim idi. O, müxtəlif vəzifələrdə işlədiyi dövrdə yüksək təşkilatçılıq bacarığı nümayiş etdirmiş, 1990-1995-ci illərdə isə Azərbaycan Parlamentinin deputatı kimi fəaliyyəti xalq və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1992-ci ildə məhz Afad Qurbanovun təşəbbüsü ilə bir qrup xalq deputatı ulu öndərimiz Heydər Əliyevə qarşı təzyiqləri pisləyən bəyanatla çıxış etmişlər. Bəyamnatda Heydər Əliyevin şəxsiyyət kimi Azərbaycan xalqı qarşısındakı xidmətləri, Azərbaycan tarixində tutduğu yer göstərilmişdir.
Afad Məmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində yüksək rütbəli hərbçi ailəsində anadan olmuşdur. O, orta təhsilini Ermənistanın Qızıl Şəfəq və İlməzli məktəblərində almışdır. Müharibə illərindəki kadr qıtlığı, habelə onun savadı və təşkilatçılıq bacarığı nəzərə alınaraq 1945-ci ildə 16 yaşlı yeniyetmə Qızıl Şəfəq yeddiillik məktəbinin direktoru və Azərbaycan dili müəllimi təyin edilmişdir. Məhz həmin ildən Afad Qurbanov pedaqoji fəaliyyətə başlamışdır. Gənc yaşında həm məktəb direktoru, həm də müəllim kimi gərgin fəaliyyət göstərən Afad Qurbanov 1946-cı ildə arxa cəbhədəki fədakar əməyinə görə ikinci Dünya müharibəsinin veteranı medalı ilə təltif edilmişdir.
Sonradan 1948-ci ildə Gürcüstan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirən Afad Qurbanovu Başkeçid rayonundakı Qruzman yeddiillik kənd məktəbinə direktor və Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin etmişlər. Təhsilini davam etdirmək məqsədi ilə o, öz xahişi ilə vəzifədən azad olunaraq elə həmin il Bakıya gəlmiş və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur.
1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vuran Afad Qurbanovun dərin bilik və bacarığına bələd olan Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Əbdüləzəl Dəmirçizadə institutda saxlanılması üçün rektorluğa müraciət etmişdir. Lakin bu müraciətə o zaman əhəmiyyət verilməmiş, dilçilik üzrə aspiranturaya yer ayrılmamış və Afad Qurbanov bir müddət orta məktəbdə fəaliyyət göstərməli olmuşdur.
Afad Qurbanov savadına, təşkilatçılıq bacarığına görə Gürcüstan Maarif Nazirliyi tərəfindən azərbaycanlıların ən böyük təhsil ocağı olan Başkeçid rayonundakı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İyirmi iki yaşlı gəncin iki mindən artıq şagirdi, onlarca müəllimi olan böyük təhsil ocağına rəhbərlik etməsi nadir hadisə idi. Afad Qurbanov ona göstərilən etimadı ləyaqətlə doğrultmuş və direktor işlədiyi dörd il ərzində Hamamlı orta məktəbini qabaqcıl təhsil ocaqları sırasına çıxarmışdır.
Bununla kifayətlənməyən Afad Qurbanov elm-təhsil yolunu seçmiş, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda qısa müddətli müəllimlik fəaliyyətindən sonra 1956-cı ildə Bakıya qayıtmış və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasında aspiranturaya daxil olmuşdur. Eyni zamanda Bakı Ali Partiya məktəbində və Azərbaycan Dövlət Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllimlik fəaliyyətini davam etdirmişdir.
Aspiranturada oxuyarkən Afad Qurbanov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Ə.Dəmirçizadənin elmi rəhbərliyi altında Səməd Vurğunun dramaturgiyasının dil üzərində tədqiqat işləri aparmış, elmi işini vaxtından əvvəl yazıb qurtardığı üçün rektorluq tərəfindən mükafatlandırılmış və institutda saxlanılmışdır.
Afad Qurbanov 1962-ci ildə S.Vurğunun “Vaqif” pyesinin dili və üslubu mövzusunda namizədlik, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İctimai elmlər bölməsində “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. 1970-ci ildə Ali Attestasiya Komissiyası Afad Qurbanovu professor vəzifəsinə layiq görmüşdür.
Afad Qunbanov 1959-cu ildən Azərbaycan dilçiliyi kafedrasında assistent, müəllim, 1965-ci ildən dosent Vəzifələrində çalışmışdır. Dərin elmi biliyə və yüksək təşkilatçılıq qabiliyyətinə görə Afad Qurbanova həmişə etimad göstərilmişdir. O, 1967-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekan müavini, 13 il dekanı işləmiş, 1981-1989-cu illərdə institutun rektoru vəzifəsində çalışmış, həmin dövrdə də Filologiya Elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika Elmləri üzrə Müdafiə Şurasının sədri olmuşdur. 1979-cu ildən həyatının sonuna kimi 30 il Afad Qurbanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri işləmişdir.
Afad Qurbanov 1979-cu ildən “Azərbaycan toponimlər” lüğəti ensiklopedik nəşrinin, “Dil və ədəbiyyat” məcmuəsinin “Elm və həyat” jurnalının “Təhsil və Türkologiya” jurnalının redaksiya heyətinin üzvü, “Dilçilik” elmi-linqvistik və “Onomastika” elmi-onomastik jurnalının təsisçisi, baş redaktoru olmuşdur.
1970-ci ildən başlayaraq Afad Qurbanov Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasındakı xidmətlərinə görə dəfələrlə həm ölkə başçısı, həm də Ali Sovetin Rəyasət Heyəti, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanlara, təltiflərə layiq görülmüşdür.
Afad Qurbanov 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, yeganə dilçi alim olmuşdur ki, 1988-ci ildən namizədliyi SSRİ Elmlər Akademiyası tərəfindən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyünə irəli sürülmüşdür.
1992-2000-ci illərdə görkəmli alim Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, Nyu-York Akademiyasının akademiki, Türk Dil Qurumunun şərəfli üzvü, Sürətli Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika Cəmiyyətinin, Finlandiyanın Fin-Uqor CƏmiyyətinin və digər təşkilatların həqiqi və ya fəxri üzvü seçilmişdir.
Böyük alimin 1987-ci ildə ABŞ-ın İndiana Universitetində keçirilən Türk Tədqiqatları üzrə İkinci Beynəlxalq Konfransında “Azərbaycan onomastikası sahəsində elmi tədqiqatlar” mövzusunda məruzəsi, 1989-cu ildə isə Norveçin Ural-Altay İnstitutu tərəfindən Oslo şəhərində keçirilən Daimi Beynəlxalq Altayşünaslıq Konfransının 32-ci iclasında “Kutianlar və onların şəxsi adları” adlı məruzəsi dinlənilmişdir.
Azərbaycan dilçiliyində ümumdilçilik problemləri sahəsindəki ilk və yeganə sanballı elmi araşdırmalar, türkoloji dilçilik sahəsində əsaslı tədqiqatlar, onomastika elmi məktəbinin yaradılması, habela Azərbaycanda əlifba islahatı və hazırkı əlifbamızın hazırlanması professor Afad Qurbanovun adı ilə bağlıdır. Onun yazdığı iki cildlik “Ümumi dilçilik”, “Azərbaycan onomalogiyasının əsasları” adlı kitabları milli zəmində yazılmış ilk dərslik və monoqrafiyalar kimi çox böyük əhəmiyyətə malikdir.
Azərbaycanda ümumi dilçiliyə aid müxtəlif tipli əsərlər yazılmasına baxmayaraq, dilçiliyin bu sahəsi konseptual səviyyəyə yüksələ bilməmiş, kitablar qəliz dildə yazılmış və ümumi dilçiliyin bütün sahələrini tam əhatə etməmişdi. Azərbaycan dilçiliyində ümumdilçilik problemləri sahəsindəki ilk sanballı elmi əsərləri, kitabları, dərslikləri, dərs vəsaitlərini, tədris proqramlarını Afad Qurbanov yazmışdır. “Ümumi dilçilik məsələləri” dərs vəsaiti (1972), “Dilçiliyin sistemi”, “Dilçiliyin tarixi” əsərləri (1976), “Ümumi dilçilik” dərsliyi (1977), iki cildlik “Ümumi dilçilik” monoqrafiyası (1989, 1993, 2004, 2010), habelə rus və türk dillərində kitabları. 1977-ci ildən bu günə kimi istifadə olunan “Ümumi dilçilik” adlı kitabı Azərbaycan pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk və yeganə dərslik kimi aktuallığını saxlamaqdadır.
Afad Qurbanov XX əsrin görkəmli türkoloq dilçilərindəndir. O, türkologiyanın digər korifeyləri – akademik Kononov, Teneşev, Şerbak ilə birgə sovet zamanı türkologiyanın inkişafı üçün öz tarixi töhfəsini vermişdir. Onun “Türkoloji dilçilik” monoqrafiyası, “Türk antroponimlərinin inkişaf dövrləri”, “Ümumtürk antroponimiyası tarixi”, “Türkoloji dilçiliyə dair biblioqrafiya”, “Türk xalqlarında advermə ənənələri”, “Qədim türk adları”, “Ortaq türk dili” və s. kitabları fədakar alimin yorulmaz axtarışlarının nəticəsi olmuşdur.
Azərbaycanın dilçilik tarixində elmi məktəb yaratmış az sayda dillərimiz mövcuddur. XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyinin inkişafında xüsusi mərhələ hesab olunur və bu mərhələdə Azərbaycan onomalogiyasının müstəqil nəzəri dilçilik şöbəsinin – elmi məktəb kimi formalaşması bilavasitə Afad Qurbanovun adı və fəaliyyəti ilə bağlıdır. Alimin dilçiliyin bütün sahələrində, əsasən, ümumdilçilik, türkologiya və onomalogiya ilə bağlı tədqiqatları təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da öyrənilir, oxunur və tədris edilir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və yeni latın qrafikalı əlifbanın müəllifi kimi böyük xidmətləri olmuşdur. İstedadlı alim, bacarıqlı təşkilatçı olan Afad Qurbanov bütün qüvvə və bacarığını xalqın arzu və istəklərini əks etdirən bu mühüm işə - Azərbaycan əlifbasının yeni latın qrafikasına keçməsinə həsr etmişdir. Ümumxalq sərvətimiz olan bugünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, görkəmli dilçimiz Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqının ən böyük töhfələrindən biridir.
Afad Qurbanovun həyatının böyük bir hissəsi – qırx ili SSRİ və Azərbaycan Elmlər Akademiyaları ilə bağlı idi. O, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü kimi elmi yaradıcılıq fəaliyyətini Elmlər Akademiyası ilə sıx əlaqəli aparmaqla dilçilik elminin inkişaf etdirilməsində öz tarixi səylərini əsirgəməmişdir.
Afad Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasının əksər komissiyalarının işinə cəlb olunan nadir üzvlərindən biri idi. O, AMEA-nın Terminologiya Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Komissiyanın, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, İctimai elmlər üzrə Əlaqələndirmə Şurasının, Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının, Elmlər Akademiyasının strukturunun təkmilləşdirilməsi və yeni nizamnamə layihəsinin hazırlanması üzrə Komissiyanın və digər bir çox komissiyaların fəal üzvü olmuş, gərgin və səmərəli fəaliyyəti, yüksək elmi-təşkilatçılıq qabiliyyəti ilə seçilmişdir.
XX əsrin Azərbaycan dilçiliyinin korifeyi Afad Qurbanovun Azərbaycan dilçilik elminə verdiyi töhfələr, əsasını qoyduğu Azərbaycan onomalogiyası elmi məktəbi, yazdığı çoxsaylı sanballı əsərlər, hazırladığı və bu gün də istifadə etdiyimiz latın qrafikalı əlifbası, yetişdirdiyi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar xalqa təmənnasız xidmətin, yüksək mənada vətəndaşlığın, fədakar alim fəaliyyətinin parlaq nümunəsidir və o, Azərbaycan dilçilik elmi salnaməsində ən şərəfli yerlərdən birini tutur.

İSMAYIL MƏMMƏDLİ

 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.