AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
25.06.2019

“Türkologiya” jurnalının növbəti seminarı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının nəzdində “Azərbaycan türkologiyasının Bayraqdarı - Fərhad Zeynalov” adlı növbəti seminar keçirilib.
Seminar 25 iyun 2019-cu il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutub. “Türkologiya” jurnalının elmi seminarlar silsiləsinin davam olan bu seminar görkəmli türkoloq alim Fərhad Zeynalovun anadan olmasının 90 illiyinə həsr olunub. Seminar “Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdullanın moderatorluğu ilə keçirilib.


Tədbiri giriş sözü ilə açan akademik K.Abdulla  bildirib ki, “Türkologiya” jurnalının nəzdində yaradılan bu seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini türkoloq alimlərin birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin görkəmli sələf və xələfləri, onların elmi irsi ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdir. Fərhad Zeynalovun Azərbaycan türkologiya elminin bayraqdarı olduğunu vurğulayan K.Abdulla qeyd edib ki, o, Azərbaycanda türkoloji araşdırmaların canlanmasında, ölkəmizin Sovet məkanında türkoloji mərkəzə çevrilməsində mühüm rol oynayıb, elmi fəaliyyətləri ilə “Türkologiya” jurnalının məhz Bakıda çap edilməsinə zəmin hazırlayıb. Akademik K.Abdulla həmçinin qeyd edib ki, bu seminar jurnalın görkəmli alimlərimizin yubileyinə həsr edilmiş ilk tədbiridir. F.Zeynalovun anılması ilə əsası qoyulan bu yeni ənənə davam etdiriləcək və növbəti seminarlar görkəmli alimlərimizin elmi irsinin müzakirəsinə həsr ediləcək. O eyni zamanda bildirib ki, jurnal bu seminarla F.Zeynalovun 90 illik yubileyinə həsr olunacaq tədbirlərin açılışını edib.


Daha sonra çıxış edən F.Zeynalovun tələbəsi, Bakı Dövlət Universitetinin professoru Məmmədəli Qıpçaq onun yetişməsində böyük əməyi olan müəllimini xoş xatirələrlə anıb. O qeyd edib ki, F.Zeynalov türkoloji araşdırmalara imkan verilmədiyi bir dövrdə türkologiya kafedrasını qurmaqla, türkoloji sahədə tədqiqatlara böyük əmək sərf etməklə, bu sahəyə gənc tədqiqatçıları cəlb etməklə Azərbaycan türkologiyasına misilsiz töhfələr verib. O dövrdə bu addımı atmaq böyük iradə və cəsarət tələb edirdi. M.Qıpçaq F.Zeynalovun tədqiqatlarının və əsərlərinin bu gün də türkologiya elmi üçün aktuallıq kəsb etdiyini qeyd edib.


Seminarda həmçinin AMEA Dilçilik İnstititunun direktoru akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, görkəmli dilçi alim professor Aydın Ələkbərov, BDU-nun professorları Rüfət Rüstəmov, Ramiz Əskər, Vaqif Sultanlı, Məhərrəm Məmmədli, Tofiq Hacıyev, dosent Qızılgül Abdullayeva, Dilçilik İnstitutunun Elmi İşlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, professor Roza Eyvazova çıxış edərək F.Zeynalovun Azərbaycan türkologiyasının inkişafında xidmətlərindən danışıb, görkəmli alimin universitetdə dərs dediyi dövrə aid xatirələri seminar iştirakçıları ilə bölüşüblər.

Daha sonra çıxış edən F.Zeynalovun övladı Vüqar Zeynallı bu seminarın yüksək səviyyədə təşkil edilməsinə görə jurnalın baş redaktoru akademik Kamal Abdullaya, çıxış edənlərə və seminar iştirakçılarına dərin minnətdarlığını bildirib.
Sonda çıxış edən “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov F.Zeynalovun Azərbaycan və dünya türkologiyasına verdiyi dəyərli əsərlərin bu gün də dünyanın müxtəlif türkoloji mərkəzlərində maraqla oxunduğunu, türkologiya sahəsindəki tədqiqatlara yol göstərdiyini, özü aramızda olmasa da, qiymətli fikir və ideyalarının daima yaşayacağını qeyd edib.

Seminarda AMEA Nəsimi adına Dilçilik İnstitutunun, “Türkologiya” jurnalının əməkdaşları, seminarın üzvü olan Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri iştirak ediblər.


Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.