AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
28.4.2015

«СОВЕТСКАЯ ТЮРКОЛОГИЯ» →
«TÜRKOLOGİYA» – 45 il

XX əsrin əvvəllərində Azərbaycanda milli burjuaziya müəyyənləşir və müxtəlif sahələrdə təlim-tədris, mətbuat, teatr-opera, dramaturgiya sahələrində milli dirçəlişin yaranması ilə Azərbaycanda turançılıq ideyası baş qaldırır. Azərbaycanda nəşrə başlayan «Həyat» qəzeti (1905), «Füyuzat» jurnalı (1906), «İrşad» qəzeti (1906) bu ideyanı qeyrətlə yayır, hətta car çəkir. Azərbaycana gələn, yerli mətbuat qədər oxunan İsmayıl bəyin «Tərcüman»ı bu ideyanı dərinləşdirir. Bu ideyanı İstambul havası görmüş, güclü avropaçılıq təzyiqinə qarşı İstambulda doğulmuş turançılıq məsləkinə yiyələnmiş Əli bəy Hüseynzadə (Turan), Əhməd bəy Ağaoğlu Azərbaycana gətirdilər və Azərbaycanda bəhrəli turançılıq toxumu səpdilər. Əli bəy Hüseynzadə «Türklər kimdir və kimlərdən ibarətdir» tədqiqatını silsilə məqalələr şəklində «Həyat» qəzetində çap etdirdi. Türk dil ailəsi, onun budaqları haqqında, cəmi on iki il əvvəl oxunmuş Orxon-Yenisey abidələri haqqında dərin elmi məlumat verdi. Türk dili və türk milləti, türk dili və mədəniyyəti, türklərin dili və dini, türklər və altaistika mövzularında yüz on il əvvəl verdiyi biliklər bugünkü türkologiyanın səviyyəsinə uyğundur. Bu tədqiqatı ilə Əli bəy Azərbaycanda və geniş mənada türk dilçiliyində yeni türkologiyanın əsasını qoydu. Bu toxumlar dərhal öz bəhrəsini göstərdi. Milli məslək sahibi Azərbaycan ziyalıları, Abdulla Şaiq, Üzeyir bəy kimi gənclər, Əbdürrəhim bəy, Nəcəf bəy kimi yetkin yazıçılar «Həyatın», «İrşad»ın, «Füyuzat»ın ətrafına toplandılar.
Bir qədər sonra Azərbaycan Cümhuriyyəti turançılığı milli dövlətçilik siyasətinin tərkib hissəsinə çevirdi. Cümhuriyyətin Türkiyədən çağırdığı müəllimlər də bu işdə dövlətimizə yardımçılıq etdi. Nəhayət, 1926-cı ildə Bakıda çağırılan I Ümumittifaq Türkoloji qurultayı Azərbaycanı rəsmi türkoloji mərkəz kimi elan etdi. Eyni zamanda həmin türkoloji qurultay sovetlərdəki seçmə türkçüləri bir yerə cəmləyərək toplu halında SSRİ-nin KQB-sinə təhvil verdi, 1937-ci il repressiyası onları küll halında məhv etdi. Beləliklə, turançılığın üstünə siyasi damğa ilə yasaq qoyuldu.
Ancaq XIX əsrdən bünövrəsini Azərbaycan türk oğlu Mirzə Məmmədəli Kazımbəyin qoyduğu rus şərqşünaslığı və onun tərkib hissəsi olan türkologiya dünyanın ən güclü şərqşünaslıq məktəbi kimi sovet dövründə öz inkişafını davam etdirirdi. Moskva, Sankt-Peterburq mərkəz olmaqla sovetlərdə rus türkologiyası inkişaf edir, Orxon-Yenisey abidələrinin tədqiqi və müqayisəli türkologiya sahəsində böyük uğurlar qazanırdı. 1950-ci illərdə şəxsiyyətə sitayişin süqutu ilə SSRİ-də türkologiya elmində bir dirçəliş göründü. Həmin 50-ci illərdə Bakı əski türkoloji mərkəz kimi və Mirzə Kazımbəyin vətəni kimi rus türkoloqlarının diqqətini yenidən cəlb 6 etdi. SSRİ Elmlər Akademiyası nəzdində türk dilçiliyini təmsil edən rus türkoloqlarının təşəbbüsü ilə 1950-ci illərdən başlayaraq «Türk dillərinin dialektologiya məsələləri» adı ilə üç ildən bir çağırılacaq ümumittifaq konfransı müəyyənləşdirildi. Bu konfransın ilk dörd çağırışı Bakı şəhərində keçirildi, növbətilər başqa türk respublika və vilayətlərində oldu. Yəni 37 repressiyasından sonra sovetlərdə türkoloji tədbirlər I Türkoloji qurultayın vətəni olan Azərbaycanda, Bakıda start götürdü.
Akad. M.Ş.Şirəliyevin təşəbbüsünü qəbul edən Moskva, Leninqrad türkoloqlarının köməyi ilə 1966-cı ildə Moskva Bakıda I Ümumittifaq türkoloji qurultayının 40 illiyini keçirməyə icazə verdi. Yubiley məclisində SSRİ-nin Moskva, Leninqrad, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Başqırdıstan dilçiləri ilə yanaşı, dünyanın başqa türkoloji mərkəzlərindən də tanınmış türkoloqlar iştirak etdilər. Tədbirdə qərara alındı ki, dörd ildən bir türkoloji qurultay keçirilsin. Keçirildi, ancaq qurultay adından Moskva qorxdu, konfrans adı ilə keçirildi və gündəlikdə siyasi məzmundan ehtiyat edərək ancaq dil məsələləri əhatə olundu. Bu konfransın sonuncusu 1988-ci ildə Bişkəkdə çağırıldı.
Bakı türkoloji qurultayının 40 illik yubiley məclisi qərara aldı ki, türk dilçiliyinin ümumittifaq mətbuat orqanı kimi «Советская тюркология» adlı jurnal nəşr olunsun. Bu jurnalın nəşri Azərbaycana etibar olundu. Bu işdə iki səbəb vardı: obyektiv tərəf – Azərbaycan, Bakı nüfuzlu türkoloji mərkəz idi; subyektiv tərəf – SSRİ-nin türk dövlətlərinin dilçiləri arasında akad. M.Ş.Şirəliyev kimi ittifaq və dünya səviyyəli alim vardı. Jurnal SSRİ EA ilə Azərbaycan EA-nın müştərək elmi nəzəri mətbuat orqanı sayılırdı. Akad. M.Ş.Şirəliyev jurnala baş redaktor təyin edildi. Bu ustad alimin baş redaktorluğu 1970–1987-ci illər arasında davam etdi.
Jurnalın çap materialının təxminən 80 faizini dilçilik tədqiqatları təşkil edirdi. Jurnalda türk dillərinin nəzəri məsələləri, tarixi abidələri, leksika, fonetika, morfologiya və sintaksisi ilə bağlı görkəmli Rusiya və SSRİ-nin türk respublikaları dilçilərinin, tanınmış dünya türkoloqlarının dəyərli məqalələri çap olunurdu. Türkcələrin təsnifinə, etimologiya problemlərinə xüsusi diqqət yetirilirdi. Dilçilik məsələləri ilə yanaşı, türk folkloruna, türk xalqlarının ədəbi abidələrinə, aktual tarix məsələlərinin işıqlandırılmasına da yer verilirdi.
1987–1993-cü illər dövründə jurnala SSRİ EA-nın müxbir üzvü, görkəmli sovet türkoloqu Ədhəm Rəhim oğlu Tenişev baş redaktorluq etmişdir. Onun müavini kimi istedadlı gənc Azərbaycan dilçisi Aydın Məmmədov çalışırdı. Əslində Ə.Tenişev uzaqda olduğu üçün o, ancaq məsləhətçi vəzifəsində idi, bütün ağırlıq və məsuliyyət Aydın Məmmədovun üstünə düşürdü və o bu işi çox ləyaqətlə yerinə yetirirdi.
1992-ci ildən jurnal Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun mətbuat orqanı kimi, prof. Ağamusa Axundovun baş redaktorluğu ilə və «Türkologiya» adı ilə nəşr olunmağa başladı. Bundan sonra maliyyə imkansızlığı ucundan jurnal vaxtlı-vaxtında çıxmadı. Elə illər oldu ki, ildə iki, bəzən bir sayı ancaq buraxıldı.
Bu gün müstəqil türk dövlətlərinin elmi, mədəni əlaqələrinin getdikcə genişləndiyi dövrdə belə nəzəri mətbuat orqanına türkologiyanın böyük ehtiyacı vardır. «Türkologiya» jurnalının M.Şirəliyev dövründəki səviyyəsini bərpa etməliyik.
Bütün gücümüzü sərf edərək 2015-ci ildən müntəzəm şəkildə jurnalın ildə dörd sayının nəşrinə çalışacağıq.

Akademik TOFİQ HACIYEV

 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.